Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Qusarçay kəndində növbəti dəfə səyyar qəbul keçirib.
Qəbulda Qusarçay İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qusarçay, Həsənqala, Ağaverdioba və Balaqusarqışlaq kəndlərinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin kəndlərarası yolun təmiri, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.