...

Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu öz işini davam etdirir (FOTO)

Cəmiyyət Materials 10 Sentyabr 2024 09:32 (UTC +04:00)
Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu öz işini davam etdirir (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu sentyabrın 10-da öz işini davam etdirir.

Trend xəbər verir ki, forumun ikinci günündə “Məlumat elminin (data science) inkişafi Azərbaycanda prioritet sahələrdən biri ola bilər”, “Proqnozlaşdırılma və insan müdaxilələrinin təsirinin qiymətləndirilməsində riyazi modellərin rolu”, “1918-1920-ci illərdə nəsr olunmuş Azərbaycan qəzetinin müasir zamanda əks-sədası”, “Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsindəki əməkdaşlıq məsələləri üzrə hazırkı yanaşma”, “Ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar”, “Azərbaycan və Rusiya arasında elmi əməkdaşlığın xüsusiyyətləri və perspektivləri” və “DAAB-ın virtual məkanda fəaliyyəti” mövzusunda müzakirələr aparılacaq.

Tədbirdə, həmçinin sessiyalar təşkil ediləcək. Bu sessiyalarda elm sahələri üzrə qruplaşdırılmış iştirakçılar əvvəlki sessiyada müəyyən edilmiş prioritet mövzuları və ali məktəb rəhbərlərinin məruzələrində toxunulmuş məsələləri nəzərə alaraq DAAB-ın strateji planlarının hazırlanması üzərində beyin fırtınası üsulu ilə işləyəcəklər.

İsveçin Gothenburg Universitetinin elmi işçisi Səadət Kərimi söyləyib ki, elmi-tədqiqatların önəmi danılmazdır. Onların nəticələrinə, cəmiyyətə faydasına görə mühüm əhəmiyyət kəsb edir.

O, İsveçin elm-tədqiqat sahəsindəki təcrübəyə istinad etməyin mühümlüyündən bəhs edib: “Biz İsveçin tədqiqat prosesindən müxtəlif nümunələr götürməliyik. Bu səbəbdən düşünürəm ki, nəinki tədqiqatların nəticələri, hətta elmi-tədqiqat proseslərinin özü belə cəmiyyətə açıq olmalıdır. Bu həm şəffaflığın, həm də nəticənin daha uğurlu nəticələnməsinə səbəb olacaq”.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə reallaşan tədbirə sentyabrın 11-də yekun vurulacaq.

Forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.

Tədbir iştirakçıları forum çərçivəsində işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq məqsədilə Şuşa və Xankəndi şəhərlərində olacaq, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.

Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfələr verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti