Bakı. Trend:
Ötən il bağçalara 14 müdir, 142 tərbiyəçi müəllim işə qəbul edilib.
Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, məktəblərə isə 12 direktor, 2472 müəllim işə qəbul olub.
“Ötən il 9 məktəb təmir edilib, 3 məktəb isə yeni inşa olunub. 51 bağça isə təmir edilib, 2 bağça yeni inşa olunub.
Ötən tədris ilində ümumtəhsil müəssisələrində 71 araşdırma aparılıb. Monitorinqlər davam etdirilir. 62 təhsil müəssisəsində şagird davranış qaydaları tətbiq edilib”,- deyə o əlavə edib.
Qeyd edək ki, Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilir.
Konfransda elm və təhsil naziri Emin Əmrullayev, ali məktəb rektorları, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, nazirliyin, MÜTDA-nın və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və KİV nümayəndələri iştirak edirlər.