Bakı. Trend:
Laçın rayonunun bərpasının ikinci mərhələsi gələn ilin yaz aylarına yaxın başlanacaq.
Trend xəbər verir ki, bu barədə Laçın rayonunun Bərpa, Tikinti və İdarəetmə xidmətinin İcraçı direktorunun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
"“Böyük qayıdış” proqramı çərçivəsində bu günə qədər 846 ailə (3000-dən çox insan) köçürülüb. Hazırda Laçın rayonunda 226 ev bərpa edilib və insanlar oraya köçürülüb. Bu işlər birinci mərhələ çərçivəsində yerinə yetirilib. Hazırda bərpanın ikinci mərhələsi üçün layihə işləri görülür. Planlarımıza görə, bu işlər gələn ilin əvvəlində tamamlanacaq. Güman edirəm ki, yaz aylarına yaxın biz ikinci mərhələyə başlayacağıq. Bu mərhələyə evlərin, yolların, turizm zonalarının, otellərin və çoxmənzilli yaşayış binalarının bərpası daxildir. Həmçinin yeni sənaye obyektlərinin yaradılması planlaşdırılır ki, bu da daha çox insanı işlə təmin etməyə imkan verəcək. COP29 ətraf mühitin mühafizəsi planı çərçivəsində bərpa olunan enerji mənbələrindən istifadəyə dair texnologiyalar fəal şəkildə tətbiq edilir. Xüsusilə, binaların damlarına günəş panelləri quraşdırılıb və küçə işıqlandırılması hibrid günəş lampaları ilə həyata keçirilir", - T.İslamov bildirib.
Onun sözlərinə görə, sabit enerji təminatını təmin etmək üçün 24 evdə günəş panelləri quraşdırılıb, 90 evdə isə günəş kollektorları qoşulub.
"Zabux və Sus kəndlərində, həmçinin 2 məktəbin və inzibati binaların damlarında günəş panelləri quraşdırılıb. Rayonda həmçinin 11 kiçik su elektrik stansiyası fəaliyyət göstərir ki, bu da ildə 80 milyon kilovat-saata qədər bərpa olunan enerji hasil etməyə, 20 milyon kubmetrdən çox təbii qaza qənaət etməyə və atmosferə 32 milyon ton karbon qazının buraxılmasının qarşısını almağa imkan verir", - T. İslamov əlavə edib.
Qeyd edək ki, 15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionun inşaat sahəsində önəmli tədbir olan Xəzər İnşaat Həftəsi keçirilir. Mühüm tədbirləri bir ad altında birləşdirən Xəzər İnşaat Həftəsi dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin müxtəlif şirkətlərini bir araya gətirir. Hazırda Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 22 ölkədən 380-dən artıq şirkət yer almaqdadır.