...

COP29 ilə bağlı bir neçə metrostansiyada həkim məntəqələri təşkil ediləcək

Cəmiyyət Materials 30 Oktyabr 2024 15:50 (UTC +04:00)
COP29 ilə bağlı bir neçə metrostansiyada həkim məntəqələri təşkil ediləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

"Koroğlu”, “28 May”, “Elmlər Akademiyası” metrostansiyalarında tibb məntəqələrinin təşkili (18 həkim, 18 orta tibb işçisi olmaqla) təmin ediləcək.

Trend xəbər verir ki, bu barədə COP29-da tibbi xidmətin təşkilinə dair görülən işlərlə bağlı brifinqdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov deyib.

"Yarana biləcək təcili halları nəzərə alaraq təcili tibbi yardım xidmətinin işinin düzgün qurulması çox önəmlidir. Bu məqsədlə “103” Çağrı Xidmətində ingilis dilini bilən işçilərin növbəli fəaliyyəti təşkil olunub, 60 briqada hazır vəziyyətə gətirilib, Heydər Əliyev adına Beynəlxalq Aeroportda, Heydər Əliyev Mərkəzində, Atletlər kəndində, “Koroğlu”, “28 May”, “Elmlər Akademiyası” metrostansiyalarında, eləcə də qonaqların məskunlaşdığı ərazilərdə tibbi xidmətin göstərilməsi üçün həkim məntəqələri təşkil edilib", - deyə o bildirib.

Onun sözlərinə görə, qonaqların məskunlaşacağı hotel və mehmanxanalarda təcili tibbi yardım xidməti təşkil edilib, tədbirin keçiriləcəyi məkan və ərazilər üzrə ambulanslar, tibbi heyət ayrılıb, Bakı Olimpiya Stadionuna ambulanslar təhkim olunub və COP29 Qərargahında növbətçilik təşkil olunub.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Xəbər lenti

Xəbər lenti