Bakı. Trend:
Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya Üzv dövlətlərin 5-ci İcmal Konfransı 24-29 noyabr 2024-cü il tarixlərdə Kambocanın Siem Reap-Angkor şəhərində keçirildi.
Trend xəbər verir ki, bunu Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin İcmal konfransında Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri deyib.
O bildirib ki, konfransda bu konvensiyaya üzv olan dövlətlər, Azərbaycan Respublikasının da daxil olduğu müşahidəci dövlətlər, BMT agentlikləri, mina problemləri ilə məşğul olan beynəlxalq təşkilatlar, çoxsaylı mina təmizləmə təşkilatları, müxtəlif ölkələrdən olan mina qurbanları və media nümayəndələri iştirak edirdi.
"Əsas müzakirə olunan məsələlər konvensiyanın tələblərinin yerinə yetirilməsi, mina qurbanlarının problemlərinin hərtərəfli həll olunması və ABŞ-nin Ukraynaya mina verilməsinin qınanması idi. Konfrans növbəti 5 il ərzində fəaliyyət planını qəbul etdi və bəzi dövlətlər siyasi deklarasiyanı imzaladılar.
Azərbaycan Respublikası bu konfransda rəsmi səviyyədə təmsil olunurdu. Bundan başqa bizim təşkilatın iki üzvü QHT təçsilçisi olaraq iştirak edirdi. Çox saylı ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərimiz oldu, keçirilən yan tədbirlərdə iştirak etdik, konfrans iştirakçılarına buradakı mina problemləri barədə məlumatlar verildi, təşkilatımızın hazırladığı hesabatlar təqdim olundu, onları maraqlandıran suallar cavablandırıldı."
H. Səfixanov vurğulayıb ki, konfrans zamanı Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya – Kasetli Silahlara dair Koalisiya təşkilatının “Landmine Monitor Report 2024” hesabatı ictimaiyyətə təqdim edildi.
"Bu hesabat dünyada minalar əleyhinə fəaliyyətin bütün aspektlərini əhatə etməklə sayca 25-ci illik hesabatdır. Hesabatda bildirilir ki, bu Konvensiyanın imzalanmasından keçən 27 il ərzində 164 dövlət (dünyanın 80% ölkəsi) “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya (Ottava Konvensiyası) üzv olmuşdur. Hələ də 33 dövlət o, cümlədən də Cənubi Qafqaz ölkələri bu Konvensiyaya qoşulmayıb.
Bu Konvensiya qəbul olunduqdan sonra ona üzv olan və olmayan ölkələr minalarla mübarizə fəaliyyətlərinə əhəmiyyətli vəsaitlər ayırıblar. Bu, humanitar tərksilah müqaviləsinin təcəssüm etdirdiyi tərəfdaşlığın güclü transformasiya gücünü nümayiş etdirir. Bununla belə, qlobal böhranların sayının getdikcə artması və digər xərclərə tələbatın artması vəziyyəti daha da təhlükəli edir.
Hələ də dünyanın 58 ölkəsində minaların yaratdığı problemlər qalmaqdadır. Ən azı 25 üzv dövlətdə əldəqayırma minaların səbəb olduğu çirklənmənin olduğu güman edilir. Son il ərzində 281,50 km² ərazi təmizlənərək 160,566 piyada əleyhinə mina tapılaraq məhv edilmişdir. Konvensiyaya üzv olan 94 dövlət tərəfindən ehtiyatda olan 55 milyon ədəd mina məhv edilmişdir. Hazırda ən çox ehtiyata malik iki ölkə Yunanstan və Ukraynadır", - o qeyd edib.
Onun sözlərinə görə, hesabat dövründə konvensiyaya üzv dövlətlərdən heç biri piyadalar əleyhinə minalardan istifadə etməyib. Konvensiyaya üzv olmayan 4 dövlətin - Myanma, Rusiya, İran və Şimali Koreya - piyadalar əleyhinə minalardan istifadə etməsinə dair faktlar var.
"Mina istehsal edən ölkələrin sayı 55-dən 12-yə enmişdir. Konvensiyaya üzv olmayan cəmi 12 dövlət piyadalar əleyhinə minalar istehsal edən və ya əldə edənlər siyahısında qalır: Ermənistan, Çin, Kuba, Hindistan, İran, Myanma, Şimali Koreya, Cənubi Koreya, Pakistan, Rusiya, Sinqapur və Vyetnam.
Son hesabatda qeyd olunub ki, 53 ölkədə 5757 nəfərin mina və müharibənin partlayıcı qalıqlarından qurban olması qeydə alınıb. Bunların 1983 nəfəri həlak olub, 3663 nəfər yaralanıb, 111 nəfərin statusu məlum deyil. Mina qurbanlarının 84% (4335 nəfər) mülki insanlardır, onların da 37% (1498 nəfər) uşaqlar təşkil edir. Mina qurbanlarının 81% kişilər və oğlan uşaqlarıdır. Baş vermiş partlayı.lardan 833-nə səbəb piyadalar əleyhinə minalar olmuşdur ki, bu da 2011-ci ildən sonra qeydə alınan ən yüksək göstəricidir, bu isə Ukrayna ilə əlaqədardır", - sədr əlavə edib.