Bakı. Trend:
İtalyan Mətbəxi Həftəsi, İtaliya ilə Azərbaycan arasında münasibətlərin, o cümlədən iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi üçün bir fürsətdir.
Trend xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko İtaliya səfirliyi və İtaliya Ticarət Agentliyinin (ITA) birgə təşkilatçılığı ilə keçirilən İtalyan Mətbəxi Həftəsinin açılışına həsr olunmuş mətbuat konfransında bildirib.
“Bu tədbir bu il İtalyan mətbəxinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün irəli sürülən namizədliyinin aktiv təşviq mərhələsi ilə üst-üstə düşən xüsusi bir dövrdə keçirilir.
Hesab edirəm ki, bu tanınma İtalyan mətbəxinin mükəmməlliyini və onun qlobal səviyyədə qəbulunu bir daha təsdiq edir”, – deyə səfir vurğulayıb.
Diplomat qeyd edib ki, masada təqdim olunan hər bir məhsulun arxasında İtaliya üçün mühüm əhəmiyyət kəsb edən iqtisadi bir sahə dayanır.
“Təkcə 2023-cü ildə İtaliyanın aqrar-ərzaq məhsulları ixracı qlobal səviyyədə 64 milyard avronu ötüb, bu isə əvvəlki illə müqayisədə 6 faiz artım deməkdir və 3 milyard avroluq rekord göstərici qeydə alınıb”, – deyə Luka Di Canfrançesko bildirib.
Səfir əlavə edib ki, mətbəx xüsusilə İtalyan mətbəxi, İtaliyanın, onun regionlarının, mədəniyyətinin daha dərindən öyrənilməsi və tanıdılması, eləcə də ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı anlaşma və tanışlığın inkişaf etdirilməsi üçün vasitədir.