Bakı. Trend:
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatı, eləcə də cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandı. Ulu Öndərin siyası uzaqgörənliyi nəticəsində ictimai-siyasi həyatda stabilliyin əldə edilməsi ilə yanaşı, ölkə iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.
Millət vəkilinin sözlərinə görə, Ümummilli lider yenidən hakimiyyətə gələndə Azərbaycanın ümumi daxili məhsul istehsalı 375 milyon manat idi:
“2002-ci ildə isə Azərbaycan iqtisadiyyatı 6,1 milyard manata qədər yüksəldi. Büdcə gəlirlərimiz 100 milyon manat idisə, hazırda gəlirlərimiz 38 milyard manatdan çoxdur. Ölkə iqtisadiyyatı 1995-ci ildə 11,8 faiz kiçilmişdisə, 1996-cı ildə 1,3 faiz artım dərin depressiyanın sonu oldu”.
Deputat vurğulayıb ki, hazırda Azərbaycan tarixinin ən şanlı günləri və ən parlaq səhifələri yaşanır:
“Azərbaycan MDB-də münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk ölkədir. Bütün bunlar Prezident İlham Əliyevin siyasi təmkini, beynəlxalq arenada böyük diplomatik nüfuzu, hərb meydanında qəbul etdiyi cəsarətli qərarlar sayəsində mümkün oldu”.
Parlamentari əlavə edib ki, işğaldan azad olunan bütün digər ərazilər kimi Füzuli rayonu da Prezident İlham Əliyevin rəhbərliyi altında yeni bərpa və quruculuq mərhələsinə qədəm qoyub.
“Böyük Zəfərdən keçən müddətdə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb. Azərbaycan işğaldan azad olunan ərazilərimizi öz daxili maliyyə resurslarına bərpa edir və yenidən qurur. 2025-ci ilin dövlət büdcəsindən Qarabağın bərpasına 4 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. 2026-cı ilin sonunadək həmin ərazilərimizdə 140 min vətəndaşımız məskunlaşacaq”, - deyə V.Bayramov fikrini yekunlaşdırıb.