Bakı. Trend:
ABŞ hakimiyyəti 35-ci prezident Con Kennedinin qardaşı, senator Robert Kennedinin qətli ilə bağlı daha 60 min sənədin məxfiliyini ləğv edib.
Trend xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard X hesabında məlumat verib.
Sənədlər artıq Milli Arxivin rəsmi saytında ictimaiyyətə təqdim olunub. Aprel ayında 10 min səhifənin paylaşılmasından sonra, ekspertlər daha öncə arxivə daxil edilməmiş sənədləri tapmaq üçün FTB və Mərkəzi Kəşfiyyat İdarəsinin anbarlarında axtarış aparıblar.
Qabbard bildirib ki, yeni açıqlanan sənədlər FTB-nin Robert Kennedinin qətli ilə bağlı apardığı istintaqa dair indiyədək bilinməyən təfərrüatları ehtiva edir. Materiallarda, həmçinin, senatorun rəsmi sui-qəsd tarixindən bir ay əvvəl güllələnmiş ola biləcəyinə dair sübutlar da yer alır.
Yeni paketə 17 audio fayl da daxildir. Qabbardın sözlərinə görə, bunlar arasında Robert Kennedini öldürməkdə ittiham olunan Sirhan Sirhan və hadisə şahidlərinin ifadələrinin səs yazıları da mövcuddur.
Qeyd edək ki, Robert Kennedi 1968-ci ilin iyununda Los-Ancelesdə qətlə yetirilib. Cinayətdə fələstinli Sirhan Sirhan təqsirli bilinib. Onun motivinin Kennedinin Altı Günlük Müharibədə İsrailə verdiyi dəstəyə qarşı çıxmaq olduğu ehtimal olunur. Qətl zamanı Sirhan 24 yaşında olub.