Bakı. Trend:
Akademik Rafael Hüseynovun 525-ci qəzetdə məqaləsi dərc edilib.
Trend məqaləni təqdim edir:
Rafael HÜSEYNOV
Akademik
Onun ilk gənclik illərində fırtınalı həyatın qoynuna atıldığı çağlardan artıq bir əsr ötür. Yüzilliklər dəyişilib, minilliklər əvəzlənib, vaxt çox sirlərin üstündəki pərdələri qaldırıb. Amma onun ömrünün çox səhifələri, elə keçmişdəki kimi, müəmmalara bürünərək qalmaqdadır.
Burada, əlbəttə, bir qanunuyğunluq da var. Bu, tək onun deyil, dünyanın harasında, hansı vaxt kəsiyində yaşamasından asılı olamayaraq hər təhlükəsizlik xidməti əməkdaşının, kəşfiyyatçının aqibətidir.
Çox zaman onların ən misilsiz şücaətlərindən heç ən yaxınları, hətta ailə üzvləri belə xəbər tutmur. Hansısa hünərinə, əməyinin bəhrəsinə görə başqalarına mükafatlar, fəxri nişanlar təntənə ilə təqdim edilir və həmin təntənələr o adamı elə təltifin özü qədər qanadlandırır. Kəşfiyyatçısa bəzən ən yüksək mükafatı da kənar gözlərə görünmədən, alqışsız-filansız alır, ən yaxşı halda buna məhdud dairədə bir neçə həmkarı şahid olur.
Məxfilik o insanları ölümlərindən sonra da müşayiət edir, zahirən nəzərə çarpmadan yaşayıb həyatdan da elə o cür - sakit getdikləri kimi, ad-sanları, hətta söyləniləsi və öyünüləsi əməlləri də dünənlərdə qalır, vaxt ötəndən, nəsillər dəyişəndən sonra isə yerli-dibli tarix yaddaşının alt qatına çökür.
Belə bir çekistimiz, belə bir kəşfiyyatçımız olub - Məmmədhüseyn Əsədov.
İndi onu yaxın qohum-əqrəbası daxil, Azərbaycan boyu tanıyan barmaqla sayıla biləcək qədər az adam varsa da, onun 80 il, 90 il, 100 il əvvəl bağlı olduğu, icrası xüsusi qəhrəmanlıq tələb edən hadisələrdən bu gün çoxları agahdır. Ancaq onun o məşhur hadisələrə aidliyini sıradan olan insanlar bu barədə yazılmasa, deyilməsə, haradan bilər ki?!
Bu hadisələrin arasında eləsi də var ki, hətta tarixin çəmini dəyişə bilərmiş. Tədbirlər görülməzsə, nələrinsə qarşısı alınmazsa, gedişat artıq bizə bəlli olduğu kimi yox, başqa cür davam edərdisə, biz bu gün dünyanın başqa xəritəsi, ayrı mənzərə ilə qarşı-qarşıya qalardıq. Bizsə bu adamdan, bu təhər sanballı bir soydaşımızdan bixəbərik.
1960-70-ci illərdə yaşlaşmış adamdı, artıq çoxdan köhnə işindən ayrılmışdı, mehmanxanada çalışırdı, bu işinin də müəyyən qədər köhnə işinə aidiyyəti vardısa da, hər halda mülki bir qulluqdu. Hamı kimi hər gün səhər işə gedir, axşam evə qayıdırdı, bir-birinə bənzəyən adi günlər yaşayırdı, gendən baxan da ömründə zənn etməzdi ki, onillər qabaq bu dinc ağsaqqal gecə-gündüz od-alovun içindəymiş, ömrünün hər yeni günü sərgüzəştlərlə dolu imiş.
Məmmədhüseyn Əsədovun Dövlət Təhlükəsizlik Xidmətinin arxivində saxlanan, köhnə tarixləri və tairxçələri yaşadan Şəxsi İşini vərəqləyirəm.
Bir qovluğun içərisində bir neçə iş var. Əmək həyatını başladığı ilk günlərdən etibarən, təhlükəsizlik şəbəkəsində çalışdığı dövrdə müxtəlif illərdə onun adına açılmış şəxsi işlərin təqribən hamısı buradadır. Ona görə "təqribən" ki, o, 1941-1947-ci illərdə Azərbaycanda olmayıb, xaricdə işləyib və təbii ki, o vaxt da Əsədov yenə təzədən tərcüme-yi hal yazmalı, digər müvafiq sənədləri hazırlamalı və idarə də lazım bildiyi digər sənədləri bura əlavə etməli idi.
Söz yox ki, həmin 7 il ərzindəki fəaliyyətləri ilə bağlı da o qovluqda xeyli sənəd yer almaqdadır. Ancaq həmin qovluq keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin arxivində olub və indi də həmin qurumun varisi hesab edilən Rusiya FTX-sində saxlanmaqdadır. Özümüzdəki işlərə əlimiz çatırsa da, oradakılar yenə bizlərçün qapalıdır və XX əsr sovet dövrü tariximizin çox gizlinclərini də beləcə örtülü səhifələrində yaşatmaqdadır. Belə gedərsə, o qovluğu bundan belə haçansa, kiminsə açıb baxacağına heç ümid də yoxdur. Bizdən başqa o insanla, o sənədlərlə kim maraqlanasıdır ki!
Məmmədhüseyn Əsədov 1899-cu ildə Həştərxanda doğulmuşdu.
Hər yerdə öz əliylə bu tarixi yazıb və hər dəfə də əlavə edib ki, təvəllüdünün ayı, günü bəlli deyil. Sadə olmayan həyat yaşasa da, kifayət qədər uzun ömür sürdü, dünyadan 1989-cu ildə ayrıldı - bu dəfə ayı da, günü də bəlli - 21 noyabr.
Amma Həştərxanda doğulsa da, əsilcə iranlı sayılırdı, çünki atası Xudadat Əsəd oğlu Ərdəbildən idi. İrandan Rusiyaya ailə hekayətlərinə görə təxminən 1865-1870-ci illərdə çörək dalınca gəlmişdi. Başlanğıcda muzdurluqla məşğul olmuş, ardınca isə Qubada çörəkçilik etmişdi. 1880-ci ildə Həştərxana köçür, xırda alış-verişə başlayır, asta-asta ticarətini genişləndirir, hələ özünə iki-üç işçi də götürür, komissiyon malların topdansatışı onu çox keçmədən Həştərxanın imkanlı adamlarından birinə çevirir. Pullanınca Birinci Bakaldinski küçəsində ikimərtəbəli bir ev alır, ev məsələsini həll edincə evlənməyin də qeydinə qalır, Kizlyar (əslində yerin adı kumıkcadan gələn Qızlardır) şəhərindən olan Xədicə Məhəmməd qızı ilə ailə qurur.
Xudadat kişi 1914-cü ildə vəfat edir, o, rəhmətə gedəndən sonra ticarətini arvadı idarə etməyə başlayır. Ancaq Xədicə xanım da çox yaşamır, 1918-ci ildə canını tapşırır, Şura hökuməti də olan-qalan nələri vardısa hamısını milliləşdirir. Beləcə, həyatın gedişi vadar edir ki, Məmmədhüseyn də, qardaşları da valideyn mirasına arxayın olmadan dolanışığın yolunu özləri tapsınlar.
1918-ci ilin sonlarında anası canını tapşıranda Məmmədhüseyn 1913-cü ildən təhsil almağa başladığı realnı məktəbdə hələ oxumağını başa vurmamışdı. Bu arada onu da, Həştərxandakı başqa məktəblilər kimi, əhalinin siyahıyaalınması işinə cəlb edirlər. Səliqə-sahmanı, intizamlılığı yolunu açır, siyahıyaalma bitincə onu Həştərxanın 6-cı rayonunda qeydiyyatçı kimi işə götürürlər.
1919-cu ilin aprelində həmin işdən ayrılır və Məmmədhüseyni elə rəvan yazısına və məsuliyyətli olmasından dolayı 11-ci orduda katib vəzifəsinə qəbul edirlər. Artıq ayağı hökumət qulluğuna sarı açılmışdı. Qısa müddətdə bir neçə dəfə işini dəyişir, qeydiyyatçı, ekspeditor olur, 1920-ci il iyulun əvvəlində isə artıq nəzər nöqtəsinə düşdüyü ÇK - Fövqəladə Komissiya onu Krasnovodska dəvət edərək müvəkkil köməkçisi vəzifəsinə işə götürür, növbəti ildə isə elə həmin vəzifədə artıq Aşqabadda işləyirdi. 1921-ci il avqustun əvvəllərində öz ərizəsi ilə işdən çıxır, həmin ilin dekabrında könüllü olaraq 6 aylığa 9-cu Türküstan atıcı polkuna qəbul olunur. 1922-nin fevralında isə artıq Qubaya səmt götürür, bu arada yatalaq xəstəliyinə tutularaq bir müddət yataqda qalsa da, çox keçmir ki, Qubada AzÇK-nın siyasi bürosunda müvəkkil köməkçisi işləməyə başlayır. Ömrünün bu parçasında iş yerlərini tez-tez dəyişməli olursa da, artıq dairənin içərisində idi. Məxfi iş onu öz cazibəsinə salmışdı, əslində Məmmədhüseyn özü də artıq xüsusi xidmət orqanlarının diqqətində idi və bu yol yoldaşlığı artıq tale demək idi.
1922-ci ildə Azərbaycan Fövqəladə Komissiyasının Quba bölməsində siyasi partiyalar üzrə müvəkkil köməkçisi işlədiyi aylardan etibarən bu sahəyə daha artıq bağlanır və çox keçmir ki, seçdiyi bu məslək yolunda qanı da axır.
1924-cü ildə banditlərlə qarşıdurmada ağır yaralanır, ancaq hadisə onu seçdiyi yoldan çəkindirmək əvəzinə şövqünü daha da artırır, daxilindən gələn mübarizlik, barışmazlıq onu çekist işinə daha artıq bağlayır.
...Ötüb keçən illər Məmmədhüseyn Əsədovun yaşı yüzü aşan qovluğundakı sənədlərdə elə iz qoyub ki, o dilsiz kağızlar da Azərbaycanın xüsusi xidmətləri tarixinə adı həmişəlik həkk olunan bu kəşfiyyatçının qismətinə bənzəyir.
Əlyazmaların hər çeşidini oxumaq vərdişlərim tələbəlik vaxtlarımdan mənimlədirsə də, həmin qovluqda 1920-ci illərin başlanğıcına aid bir sıra sənədlərə, əlyazmalara rast gəldim ki, rəngi solmuş mürəkkəb sanki o yazıları sisə-dumana bürüyüb, heç böyüdücü şüşə ilə də onları oxumaq olmur.
İnsanın qədərinə bax ki, onunla əlaqədar hansısa yazıları oxumağa ötüb-keçən vaxt, zamanın o yazıların üstünə çəkdiyi ərp mane olur, hansılarınasa, lap aydın oxuna bildiyi halda, aparan yolumuzu uzaqlardakı arxivlərin üzümüzə örtülü qapıları kəsir.
Əsədovun keçdiyi yol isə Azərbaycanın keşməkeşli əyyamlar içərisindən boylanan çöhrəsidir. Yurdumuzun, millətimizin arxada qalan əsrdə, xüsusən 1920, 1930, 1940-cı illərdə nələri yaşadığının, hansı sınaqlardan keçdiyinin təfərrüatlarını daha çox bildikcə o çöhrənin cizgiləri də daha çox aydınlaşacaq, zamanın bulanıqlaşdırdığı fokus dəqiqləşərək olmuşları bizə bir az da dürüst göstərəcək.
Qəribədir ki, sonralar heç bir anketində onun fars dilini bilməsi haqda qeyd yoxdur. Hətta Moskvada Xüsusi Məktəbdə oxuyarkən onun haqqında hazırlanmış müsbət məzmunlu attestasiya sənədində də bu, göstərilmir. Məmmədhüseynin almancası da varmış. Bu haqda sənədlərində qeydlər var, amma sanki İranla bağlılığını həmişə tərcüme-yi hallarında qabartmamağa səy edir. Ancaq Əsədovun farscası da yaxşıymış. Öz sözüdür ki, atamdan mənə qalan elə bircə fars dili oldu.
Məmmədhüseyn də, Xudadatın digər övladları da Həştərxanda dünyaya göz açmışdı. Ancaq bəlkə də haçansa İrana qayıda biləcəklərini də düşünərək "onda karlarına gələr" düşüncəsi ilə Xudadat farscanı oğlanlarının bilməsini istəmişdi, kiçikkən bu dili onlara özü öyrətmişdi.
Yenə Məmmədhüseyn Əsədovun ailə içərisindəki söhbətlərindəndir ki, deyərmiş: "Dil açandan iki dili, azəbaycancanı və farscanı mükəmməl bildim, realnı məktəbsə rus dilini də mənə ana dili kimi öyrətdi".
Xudadatın özünə bir daha İrana qayıtmaq, Ərdəbilə getmək nəsib olmadı. Ancaq oğlu Məmmədhüseyn heç vaxt üzünü görmədiyi İrana da getdi, ata yurdu Ərdəbildə də oldu və həm də illərcə.
Oralara gedib çıxmasının əsas səbəblərindən biri də elə atasının vaxtında ona öyrətdiyi farsca, köküylə ərdəbilli olması idi.
Ora kəşfiyyatçı kimi gedəcəkdi, amma həm də oralı kimi gedəcəkdi. Atasını itirəndə 15 yaşı vardı və ev içində eşitdiyi söhbətlərdən bilirdi ki, oralarda qohum-əqrəbadan kimləri olub, dədə-babaları harada yaşayırlarmış, nə ilə məşğul olurlarmış. Yəni o yerlərə qərib kimi getməmişdi, lazım gələndə tanışlıq verə, kimlərdən olduğunu söyləyə bilərdi. Bu isə həmin yerlərdə uzun müddət qalıb iş aparacaq kəşfiyyatçıdan ötrü son dərəcə əhəmiyyətli bir amil idi.
Sovet İttifaqı İranla bağlı 1930-cu illərin sonlarından ilk növbədə Azərbaycan üzərindən uzaqməqsədli ciddi işləməyə başlamışdı. 1930-cu illərin bitəcəyi, 1940-cı illərin əvvəllərində İranda güclü dalğaya çevrilən həmkarlar hərəkatında azərbaycanlılar aparıcı mövqedə idi və bu, əsla təsadüfi deyildi.
Sonra sovet hərbi hissələri İrana gələcək, onların sırasında da azərbaycanlılar əsas yeri tutacaq.
Moskvanın bu gedişatda azərbaycanlılara üstünlük verməsinin səbəbi təbii amillər idi - dil, ortaq mədəniyyət, ruhca yaxınlıq, XX əsrin əvvəllərində sərhədin rahat keçilən olması səbəbindən İrandan, Güney Azərbaycandan bu tərəflərə çox ailələrin gəlməsi, buradakı əhaliylə qaynayıb-qarışmaları, bolluca qohumluq əlaqələrinin varlığı.
1930-cu illərin axırlarından etibarən asta-asta İrandakı ictimai-siyasi proseslər dərinləşərək daha əhatəli olduqca, milli azadlıq hərəkatı qüvvətləndikcə, bütün bunların bəhrəsi kimi nəhayətdə Cənubi Azərbaycanda Milli Hökumət qurulandan sonrakı gedişatda Məmmədhüseyn Əsədov kimi peşəkarlara ehtiyac qat-qat artırdı.
Bir kəşfiyyatçı olaraq Əsədov həmin dönəmdə, yəqin ki, malik olduğu keyfiyyətlərlə nadirlərdən biri imiş.
Əvvələn, 1941-ci ildə İrana göndəriləndə artıq 20 ildən çox iş təcrübəsi vardı, əslən iranlı idi, azərbaycanlı idi, farscası da vardı.
Əsədovun anketlərindən yalnız bircəsində - əvvəlincisində onun farscanı bilməsi birmənalı göstərilib.
O, rəsmən Azərbaycan ÇK-sına - Fövqəladə Komissiyaya bağlananda 1920-ci ilin 12 iyulu idi. Bu qurum özü də vur-tut 2 aydı var idi. Yəni Məmmədhüseyn Əsədov sovet dönəmindəki Azərbaycan təhlükəsizlik şəbəkəsində azsaylı əvvəlincilərin sırasında idi.
Azərbaycan Milli Təhlükəsizlik təşkilatı tarixini Cümhuriyyət dönəmindən başlayır və idarənin də ilk rəhbəri iki qardaş - Məmmədbağır Şeyxzamanlı, ardınca da Nağı bəy olmuşdu.
Şübhə yoxdur ki, şuralaşmış Azərbaycanın təhlükəsizlik xidmətinə elə 1920-ci illərdən başlayaraq Mərkəzin təsiri qaçılmaz oldu. Azərbaycan həmin Azərbaycan idisə də, məfkurə, xətt dəyişmişdi. Ancaq hansı dövrdə, hansı siyasi mühitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, burada çalışanların yiyələnməli olduqları peşəkarlıq vərdişləri, yerinə yetirməli olduqları sırf peşəkar vəzifələr vardı. Elə vəzifələr ki, bu, bilavasitə dövlətin təhlükəsizliyi məsələsi ilə bağlıdır və dünyanın harasında olursa-olsun, hansı zaman yaşanılırsa-yaşansın, xüsusi xidmətlərin o vəzifələri yerində qalmaqdadır.
Məmmədhüseyn Əsədov bu qurumda düz 28 il çalışdı və necə çalışdığının da göstəricisi onunla bağlı 1948-ci ildə hazırlanmış və dövlət təhlükəsizlik nazirinin müavini polkovnik Kərimovun imzaladığı xasiyyətnamədir. Yazırdı ki, Məmmədhüseyn Əsədov 1920-ci ilin 12 iyulundan 1948-ci ilin 10 mayınadək ÇK, QPU, NKVD, NKQB, MQB orqanlarında çalışdığı müddətdə yalnız müsbət səciyyələndirilir, heç bir inzibati və partiya cəzası olmamışdır.
Bircə cümlədir, ancaq yükü çoxdur.
Bunca uzun müddətdə aldığı təltiflər, mükafatlar bir yana, heç bir qüsura yol vermədən, ən xırda cəza belə almadan üç onilə çatan vaxt ərzində işləyə bilməsi o deməkdir ki, bu insan belə cəzaları qazanmağın işin öz xüsusiyyətlərindən, şəraitdən irəli gəldiyi çətin sahədə daim ayıq, məsuliyyətli, hisslərinə tam hakim olub.
Əsədov təhlükəsizlik xidmətindəki bilavasitə işindən ayrılaraq mülki işə keçəndən, "İnturist" mehmanxanasında çalışmağa başlayandan sonra da yenə faydasını verməkdə davam edirdi.
Azərbaycan Dövlət Təhlükəsizlik Nazirliyi 1-ci şöbəsinin rəis müavini podpolkovnik Yermakovun 1948-ci ilin 20 martında imzaladığı arayış buna əyani sübutdur. Yazırdı ki, Əsədov 1947-ci ilin aprelindən Azərbaycandakı İran mühacirlərinə xidmət edən və onlarla iş aparan əməliyyat işçiləri qrupundadır. Demokratların işlə təmin edilməsi və yerləşdirilməsi ilə əlaqədar ona verilən tapşırıqları vicdanla yerinə yetirmiş, bu məqsədlə Azərbaycan rayonlarına səfərlərə çıxmışdır.
Bu, həmin nigaran zaman kəsiyidir ki, Güneydə Milli Hökumət qəddarcasına boğulandan, minlərlə fədai güllələnəndən, asılandan, həbslərə, sürgünlərə atılandan sonra eyni aqibətdən nicat bularaq bu taya pənah gətirmiş minlərlə insana qayğı, kömək bir yana, onlara mehriban söz, məhrəm münasibətlə yanaşmaq, ağrısını hiss edərək həmdərd ola bilmək də əvəzsiz dayaq idi. Bu baxımdan isə Məmmədhüseynin yeri məxsusi idi. Birincisi, o, hadisələrin içərisində olmuşdu, həm Milli Hökumətin yaranma dövrü, 1 illik hakimiyyəti dönəmi, həm də devrilmədən sonrakı faciələr onun gözü qarşısında baş vermişdi. İndi Arazı aşaraq bura sığınanların çoxunu Məmmədhüseyn elə o tərəfdən tanıyırdı, bu sözün bütün mənalarında onların dilini bilirdi.
Azərbaycana təşrif gətirmiş siyasi pənahəndələrin sıxıntılarını qısa müddətdə həll etmək Azərbaycan respublikası üçün müşkül, bu axın qəfildən gəlmiş sel kimi idi.
Bu dövrdə artıq Əsədov rəsmi əməkdaş olmasa da, həmin işlə məşğul olan fəaliyyətdəkilərdən az çalışmırdı və ömrün böhranlı günlərində göstərdiyi təmənnasız qayğılara görə iranlı demokratlar, mübariz firqəçilər Əsədovun yaxşılıqlarını sonralar heç unutmurdular, bu nəcib insanı həyatdan gedəndən sonra da minnətdarlıqla anırdılar.
İranla bağlı irili-xırdalı məsələlər bu minvalla daim Məmmədhüseynlə oldu.
İran üzü görməsə də, bu tərəfdə doğulsa da, atasının İran təbəəsi olması səbəbindən o da 27 yaşınadək yolayrıcında, iki can arasında qalmışdı, vətəndaşlığı olmayan şəxs sayılırdı ki, onun Azərbaycan vətəndaşlığı rəsmən 1926-cı ildə təsdiqləndi.
Nə qədər etibarlı olsa da, dövlətə sədaqətini ölümün qaşla göz arasında durduğu ən riskli və təşvişli məqamlarda dəfələrlə isbata yetirsə də, Məmmədhüseynin özünün də əməkdaşı olduğu Təhlükəsizlik Nazirliyinin divarları arasında hazırlanmış gizli sənədlərə görə, onun bu şəbəkədən kənarlaşdırılması məsələsinin də gündəmə gəldiyi olmuşdu.
Əsədovla bağlı gizlicə aparılmış xidməti araşdırma da vardı ki, İranla bir çox tellərlə bağlı olduğunu göstərən həmin arayış əsasında onun təhlükəsizlik orqanlarından xaric edilməsi artıq qətiləşmişdi. Çünki məsələ artıq Mərkəz - Moskva səviyyəsində qaldırılmışdı. Ancaq bundan Əsədovun özünün heç xəbəri də olmamışdı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi belə bir addımın atılmasına qarşı çıxmışdı. Sənəddə ad göstərilmədən bu qərarı Mərkəzi Komitə katibinin verdiyi qeyd edilir. Gümanımca, göstəriş birbaşa Mircəfər Bağırovdan gəlmişdi. Çünki o, gənclik çağlarından Məmmədhüseyni yaxşı tanıyırdı, görünür, bu, onların yollarının Qubada kəsişdiyi çağlardan başlanmışdı və vaxtilə Moskvada Xüsusi Xidmətlərin Xüsusi Məktəbində təhsil alarkən partiyaya qəbul edilməsi üçün zəmanətləri yazanlardan biri də elə Bağırov olmuşdu.
Əsədova qarşı İran kompromatı bundan ibarət idi ki, Məmmədhüseynin 1892-ci il doğumlu böyük qardaşı Məmmədtağı 1919-cu ildə Samaradakı İran konsulluğunun əməkdaşı olmuş, 1922-1923-cü illərdə rüşvət aldığına görə 3 illiyə həbs olunmuşdu, Digər iddia bu idi ki, 1936-cı ilə qədər Məmmədtağı və Məmmədhüseynin digər qardaşı Həsən İran təbəəsi olmuşlar. Başqa bir irad bu idi ki, həyat yoldaşı Şövkət Əsədova-Müqimova tacir qızı idi, onun 1928-ci ildə vəfat edən atası da İran vətəndaşı idi. Ayrı bir səbəb bu idi ki, Məmmədhüseynin dayısı Hüseyn Əhmədov da İran vətəndaşı idi, 1938-ci ildə NKVD tərəfindən casusluqda şübhəli bilinərək Həştərxanda həbs olunmuş və 10 il müddətinə həbs cəzası almışdı. Özgə bir dəlil bu idi ki, Məmmədhüseynin digər dayısı və xalası çoxlu uşaqları ilə birgə İranda, Məşhəddə yaşayırdılar.
Məhz bunları nəzərdə tutaraq SSRİ təhlükəsizlik nazirinin müavini general-leytenant Selivanovskiyə Əsədovun DTN sistemindən çıxarılması ilə bağlı müraciət edilmişdi.
Bu, artıq elə səviyyə idi ki, Mircəfər Bağırov işə qarışmasaydı, Lavrenti Beriya ilə məsələni çözməsəydi, Məmmədhüseyni bu girdabdan çıxaracaq qüvvə ola bilməzdi.
Adını belə qoyurlar ki, İrandan Azərbaycana çoxlu sayda siyasi mühacir gəlib və onlarla işləyə biləcək peşəkar kimi Əsədova ehtiyac böyükdür.
Başqa sözlə, qanına bais olacaq İran əmması qanının arasına girir...
Ancaq orqanlarda işlədiyi dönəmdə Əsədovun üzləşdiyi bəlalar, qəfildən pırtlayıb ortaya çıxan həmlələr bir idimi, iki idimi?
1920-ci illərdən başlayaraq ardıcıl və sistemli şəkildə Azərbaycan xüsusi xidmət orqanlarına ermənilər yeridilməyə başlanır və 1930-cu illərin qanlı siyasi repressiyaları başlayanda onlar artıq yetərincə şəbəkələşmiş, qol-qanad açmış, kök atmışdılar. Azərbaycanın seçmə övladlarına qarşı xüsusi xidmət orqanlarının əli ilə divan tutmaq, pərdəarxası soyqırımını gerçəkləşdirmək əməliyyatlarının ən tüğyanlı həddə çatdığı 1937-1938-ci illərə aid hansı qondarma cinayət işini qaldırırsansa, altından bir sürü erməni çıxır. Bu təşkilatdakı tək-tək azərbaycanlıları da ləkələmək, çıxdaş etmək, daha geniş meydan qazanmaqçün o tək-tüklərin də axırına çıxmaq məkrli erməniçiliyin bir ayrı hiyləsi idi.
Məmmədhüseyn Əsədov da daim erməni nişangahında olan bu qəbil əməkdaşlardan idi.
1935-ci il martın 10-da attestasiyadan keçirilən Əsədov haqqında hazırlanmış bu arayışın altındakı imzanın kimliyini mətni oxuyunca təsəvvür etməkçün xüsusi baş sındırmağa lüzum qalmır: "Əsədov orta hazırlıq səviyyəsi olan əməliyyatçıdır. Agentura ilə işləməyi bacarır, amma zəif. Agentlərin yetişdirilməsi və instruktaj edilməsində zəifdir".
Guya obyektiv görünmək üçün arada bir yüngülvari tərifli söz deyərək yenə ardınca baltanı dibindən vurur: "Əməliyyat işini yaxşı bilir. Az təşəbbüskardır. Verilən tapşırıqlara vicdanlı yanaşır. İşdə inadkar deyil. Ona görə də başladığı işi axıra çatdırmır. Yaddaşı çox zəifdir. Bu da onun işinin məhsuldarlığına mənfi təsir göstərir. Agentura və əməliyyat işində müvəffəqiyyətləri olmayıb. Siyasi baxımdan kafi dərəcədə inkişaf edib".
Peşəkar keyfiyyətlərinin hamısını mənfi göstərəndən sonra xala-xətrin qalmasın, yenə obyektivlik illüziyası doğurmaqçün "Ətrafdakılarla münasibəti yaxşıdır" yazır.
Və bütün bunlardan sonra yekun rəyini verir: "Əməliyyatçı kimi əməliyyat müvəkkili vəzifəsinə uyğundur. Yüksək vəzifəyə keçirilməyə layiq deyil".
İmza da ki, buyurun: Azərbaycan XDİK Dövlət Təhlükəsizliyi İdarəsi Xüsusi Şöbəsinin rəisi Avanesyan.
Rumu ki dedin, qəziyyə məlum!
Bu arayış masasının üstünə gedib çıxan daha yuxarıdakı rəis də Avanesyanın, attestasiyadan keçirilən əməkdaşın peşəkar keyfiyyətlərini mənfi çalarlarla qiymətləndirdiyi cümlə və ifadələrin altından qırmızı xətt çəkib ki, bu da artıq Əsədovun irəliləyiş yolunun qarşısında qurulan aşılmaz barı, yandırılan qırmızı işıq deməkdi.
Erməni o cür yazır, amma 2 il sonra - 1937-ci ilin 28 mayında III şöbənin rəisi mayor Borşovun yazdığı rəydə erməni xəbisliklərindən əsər-əlamət yoxdur və Əsədovun yuxarı vəzifəyə çəkilməsinə müsbət münasibət bildirilir: "Zəhmətkeşdir. Tarşırıqları layiqincə yerinə yetirən əməliyyatçıdır. Çekist işinin prinsiplərinə bələddir. Agentura ilə işləməyi bacarır. Konspirasiyaya riayət edəndir. Əməliyyat işini yaxşı bilir. Verilən tapşırıqlara vicdanla yanaşır. Əməliyyatçı kimi mərkəzi aparatda əməliyyat müvəkkili vəzifəsinə tam uyğun gəlir. Vəzifədə irəli çəkilərək Azərbaycan XDİK rayon şöbəsinin rəisi təyin edilməyə layiqdir".
Bir var sənin düşmən saydığın üzbəüz dayanıb gendən sənə atəş açır, bir də var səninlə birlikdə işləyir və gülləni kürəyinə sıxır.
Çekist ömrünün lap əvvəlindən ölüm saçan atəş sədaları Məmmədhüseyni qarabaqara izləmişdi və qarşıda dayanan ən qatı cinayətkarlardan da heç vədə çəkinməmişdi.
1925-ci ilin mayında Ağdaş qəzasının Ağdaş-Göyçay Məlumat Məntəqəsinin müvəkkil köməkçisi işlərkən Zaqatalalı Şüanın bandasının zərərsizlşdirilməsinə şəxsən rəhbərlik etmişdi. Bu dəstəyə Dağıstandan da birləşənlər varmış.
1925-ci ilin dekabrında Qorovçenkonun rəhbərliyi altında Samuxlu Məmmədqasımın bandasının ləğvi üzrə aparılan ümumi əməliyyatda kommunarların Ağdaş dəstəsi komandirinin müavini kimi Əsədov mühasirəyə alma və atışmada fəal və bilavasitə iştirak etmişdi.
1926-cı ildə yenə həmin vəzifədə ikən Ağdaş qəzasında 8 nəfərdən ibarət Şahlıq bandasını əllərində silah tutaraq Göyçaya göndərmişdi. Ancaq AzÇeKa-dan barələrində hökm gələnədək onlar qaçmağa müvəffəq olmuşdular. Sonra 1926-1927-ci illərdə Əsədov dəstəsiylə o bandanı təqib etmiş və bütün üzvlərini tapıb dənləyə bilmişdi.
Yenə həmin vəzifəni daşıdığı vaxtlarda AzÇeKa-nın Hərbi Dəstəsinin komandiri Şabanbəyovun rəhbərliyi altında Həsən Çovuşun Ağdaş qəzasında fəaliyyət göstərən bandası üzrə uzunmüddətli əməliyyat aparmış, dəstəbaşını zərərsizləşdirmiş, bandanın qalan üzvlərini isə məqsədyönlü tədbirlər nəticəsində 1927-ci ilədək müxtəlif vaxtlarda tuta bilmişdi.
Yenə həmin vəzifədəykən Ləzgi Əhmədin 5 nəfərdən ibarət cinayətkar bandası üzrə əməliyyatı şəxsən aparmış, bandanı təslim etmiş və daha artıq - həmin bandanın üzvlərindən Ağdaş qəzasındakı digər bandalara qarşı mübarizədə istifadə etməyi bacarmışdı.
Bəs cəlbetmə daha necə olur?
Banditi banditlərə qarşı mübarizəyə yönəltməyi bacarıbsa, bunu məharətli və incə cəlbetmədən savayı necə adlandırasan?
1928-ci ildə Kürdüstan Məlumat Məntəqəsinin müvəkkili işlərkən orada, eləcə də Gəncə qəzasında, Dağlıq Qarabağ Muxtar Vilayətində mal oğurluğu ilə məşğul olan cinayətkar dəstəyə qarşı iş aparmış və nəticədə bandanın başçısı aradan götürülmüş, dəstənin qalan üzvləri müxtəlif vaxtlarda tutulmuşdu.
1928-ci ildə yenə həmin vəzifədə ikən məlumat məntəqəsinin keçmiş rəisi Misir Hüseynovun başçılığı altında Əliyanlılar bandası üzrə iş aparmış və nəticədə həmin dəstənin fəal üzvü Hüseyn Dəştağatlı zərərsizləşdirilmişdi.
1929-cu ildə Azərbaycan Baş Siyasi İdarəsi Qarabağ rayon şöbəsinin baş müvəkkili vəzifəsindəykən Mircəfər Bağırovun rəhbərliyi altında Murtuz Qiyaslının bandasının təqib edilib zərərsizləşdirilməsində bilavasitə və fəal iştirak etmiş, bandanın 13 üzvünün mühasirəyə alınaraq tam şəkildə təslim edilməsinə nail olmuşdu.
1930-cu il iyunun 3-də Bahadur Rzayevin başçılığı altında Kəlbəcər rayonunda fövqəladə üçlüyün üzvü olaraq çoxsaylı bandit dəstələri və etirazçı qruplarla qarşıdurmalarda bilavasitə və fəal iştirak etmiş, çox da böyük olmayan dəstəsi ilə hökumət qüvvələrinin geri çəkilən dəstəsini qarşı tərəfin atəşlərindən qorumuş və iki gün banditlərin mühasirəsində qalmışdı. Buna görə Zaqafqaziya Baş Siyasi İdarəsinin mükafatına da layiq görülmüşdü.
Azərbaycan Baş Siyasi İdarəsi Ağdam bölməsinin rəisi işlərkən Məhərrəm Ləmbəranskinin bandası üzrə təşkil etdiyi əməliyyatla o dəstədəki fəal üsyan iştirakçıları Firidun Kərim oğlu və Rza Hacı Əsgər oğlunu zərərsizləşdirmişdi.
1934-cü ildə Azərbaycan XDİK Təhlükəsizlik İdarəsi Xüsusi Şöbəsinin 2-ci bölməsinin əməliyyat müvəkkili işləyərkən Qavrilovun başçılığı altında Zaqatala bandası üzrə aparılan iş əsnasında əməliyyat sahəsinin rəisi təyin edilmiş və əks tərəf bu qarşıdurmanın onlara hansı itkilərlə başa gələcəyini anladığından qorxudan heç ora yaxın durmamışdı.
Xəsis sətirlərlə cızılan bu ölüm-dirim səhnələri Məmmədhüseyn Əsədovun 1935-ci il noyabrın 15-də tərtib etdiyi hesabatdandır. Hələ görün o ildən sonra nə qədər belə təhlükəli cığırlardan aşmalı olub.
O illərdə daim barmağı tətikdə imiş. Çevik strateji düşüncəsinə onun mahir atıcılığı da söykək dururmuş.
Bu əməliyyatlar gedişində onun 1927, 1933-1934-cü illərdə silahla mükafatlandırılması da bir ayrı rəmz idi.
Belə qəhrəmanlıqlar göstərirdi, içəridəki xainlərsə ona badalaq vurmağın, sıradan şıxarmağın yolları barədə fasiləsiz əlləşməkdəydilər.
Bütün bunlar düyünlü tarixlərdir. Səngərin o üzündə də, bu üzündə də azərbaycanlılar idi. O əli silahlı, "quldur", "bandit" adlandırılanlar yeni quruluşla barışmayaraq sovetə qarşı barışmaz mübarizəyə qatılanlar idi. Gücləri çatan qədər çarpışdılar, ölənləri öldürüldü, qalanlarının da bir qismi Qaçaq Məmmədqasım kimi son olaraq ömürlük mühacirəti intixab etdi, Türkiyəyə sığındı. Dəyişən vaxt və başqalaşan siyasət səngərin o üzündə və bu tayında olanlara münasibəti fərqli edir. Sovet dönəmində qaçaqlar düşmən, onları təqib edən, qırıb-çatanlar igid sayılırdılar. İndi bubirilər qəhrəman, obirilər xain kimi qələmə verilir.
Tarixsə necə var, o cür qalıb, dəyişən zamanla verilən qiymətlər dəyişib.
Əslində o tərəfdən və bu tərəfdən döyüşənlərin hər biri o zaman inanaraq mübarizə aparırdı, məhz özünü haqlı hesab edirdi.
Yəqin, o sovet dönəmi 70 il yox, daha uzun çəksəydi, bu gün bu sadalananların hər biri gənc çekist Əsədovun bilinməyən şücaətləri kimi xatırlanardı. Amma bir əsr uzaqlıqdakı o barışmaz qarşıdurmaları yada salırkən və Əsədovun o qarşıdurmalardakı şax davranışları haqqında rəsmi sənədlərdə qalan soraqları üzə çıxarırkən məqsəd onun gənc yaşlarında hansı cəsarətə, qorxmazlığa sahib olduğunu qabartmaqdır. Bu qarşıdurmaların hamısında ən ciddi təhlükələr, qan-qada, hər növbəti əməliyyatda nicatsız ölümlə göz-gözə dayanmaq ehtimalı vardı. O əməliyyatlara əlisilahlı gedib yaraqlılarla qarşı-qarşıya dayanan Məmmədhüseyn Əsədov o dövrdə 26-27 yaşlarında idi. Bu mübarizələrdən keçə-keçə bərkiyirdi. Ölümdən qorxmamaq, qandan vahimələnməmək üçün gərək ömründə bunları səninçün adiləşdirmiş hadisələr ola. Əsədov İrana 1942-ci ildə göndəriləcək və onda artıq 42 yaşında idi, dünyanın hər üzünü görmüşdü. Əsədovun kəşfiyyatçı ömrünün İran dövrünü xatırlarkən belə ayrıntılardan bəhs etməyim səbəbsiz deyil və bu mətləblərə yenə qayıdacağam. Çünki onun orada bu qədər həyat imtahanlarından keçərək yığdığı təcrübələrə əsasən etdiklərini göz görə-görə, ağa qara deyərək bir yeniyetmənin adına yazmaq, saxtalaşdırılmış tarixi gerçək kimi təqdim etmək cəhdləri olub və o yalan ayaq tutub da yeriyir.
O yalanın ayaqlarını yerə bir qədər sonra yapışdıracayıq. Çünki elə zəmanələr yetişir ki, atalar müdrikliyinə rəğmən nəinki yalan ayaq tutub yeriyir, hətta qaçır da, uçur da...
...Məmmədhüseyn Əsədovun aqibətinə təsir edə biləcək bu sənədi imzalayan erməni deyil. Ancaq axtarsan görəcəksən ki, bu sənədin ortaya çıxmasının fitvası Bakıdan gəlir, buralardakı hansısa erməni rəisin təqdimatından qaynaqlanır - bu sənədi 1947-ci il fevralın 21-də SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi Beşinci Baş İdarəsinin 8-A şöbəsinin 2-ci bölməsinin rəis müavini Oyzernan imzalayıb. Elə digər erməninin yazdığı kimi, bu da Məmmədhüseyn Əsədovun bütün əməklərini yerə vurur.
Kim bilir, bəlkə burada daha dərinəişləyən erməni rəzaləti var ki, Əsədovun İranda müharibə dövründə yüksək dövlət səviyyəli əməliyyatlarda iştirakını gələcəkdə heçə endirə biləcək rəsmi sənədlər qabaqcadan tədarük edilib.
Belə dəyərsizləşdirmənin düzgün olmaması, şər, iftira saçması ilk baxışdanca ondan sezilir ki, bu ölkədə 7 il sərasər fəaliyyət göstərmiş çekist, həqiqətən, o arayışda göstərilən səviyyədə olsa idi, yeni İran tarixinin ən həlledici dönəmində onu o qədər uzun müddətdə orada saxlamaz, elə birinci ildəncə yola salardılar.
Həmin qarayaxa, mərdümazar arayışda göstərilir ki, "Həsən" ləqəbli Məmmədhüseyn Əsədov 1941-1947-ci illər arası SSRİ DTN xətti ilə İranda Ərdəbil rezidenturasının İran Astarasında yerləşən əməliyyatçısı kimi uzunmüddətli ezamiyyətdə olmuş və İranda işlədiyi müddətdə agentura-əməliyyat işində yetərincə təcrübəsi olmadığnı, təşəbbüskarlığının yoxluğunu ortaya qoymuşdur.
Əlavə edirdi ki, bircə dənə belə qiymətli cəlbetmə aparmayıb, qeyri-təşəbbüskardır, qətiyyətsizdir və bu səbəblərə görə də işdən kənarlaşdırılıb.
İşə canını qoyasan, çiynindən heç vaxt yükün ağırı əskik olmaya, bu cürə də qırmızı-qırmızı ittiham olunasan.
Belə münasibətləri görə-görə, belə cəngəllikdə yaşaya-yaşaya sınmayıblar, sönməyiblər, əqidələrindən sapmayıblar. Məmmədhüseyn Əsədov da, onun müasirləri də öz zamanlarının balası idilər. Həmin dövrlərdən uzaqlaşdıqca o dövrün hiss və düşüncələrini də, həqiqətlərini də anlamaq qəlizləşir, məchullaşır. Ancaq ən qatışıq zamanların içində də heç vaxt dəyişməyən, daim sabit qalan, gələcəyə də ürək genişliyi və arxayınlıqla ötürülə bilən dəyər ləyaqətdir.
Məmmədhüseyn Əsədov, bu cəsur azərbaycanlı Vaxtının oğlu ola-ola yüksək ləyaqətini daim qoruya bildi. Onun keçdiyi yola və əməllərə hər yeni zamanda baxış və qiymətlər hökmən dəyişəcək. Ləyaqətsə elə cövhər, elə irsdir ki, vaxtın küləkləri nə qədər əsir-əssin, bu köhnəlməz dəyər xalisliyini də, aliliyini də, ibrətini də müdam hifz edəcək - istənilən hava şəraitində!