Bakı. Trend:
Küçə mühitində olan uşaqlar — təhsildən, ailə qayğısından və sağlam həyat şəraitindən kənarda qalan, cəmiyyətin ən həssas və risk altında olan təbəqəsidir. Bu uşaqların fiziki və psixoloji sağlamlığı ciddi təhlükə altındadır. Onlar tez-tez qidalanma çatışmazlığı, yoluxucu və xroniki xəstəliklər, psixoloji travmalar, istismar və zorakılıq kimi hallar ilə üzləşirlər.
Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsinin yekununa həsr olunmuş konfransda çıxış edərkən deyib.
A. Zeynalova bildirib ki, Səhiyyə Nazirliyi bu həssas qrupun müdafiəsi üçün profilaktik tədbirlərin gücləndirilməsi, erkən diaqnostika, tibbi yardımın əlçatan olması və psixoloji dəstək xidmətlərinin artırılmasını prioritet hesab edir: "Lakin bu sahədə uğurlu nəticələr əldə etmək yalnız səhiyyə sisteminin deyil, bütün aidiyyəti qurumların birgə və əlaqəli fəaliyyəti ilə mümkündür. Bu baxımdan, həyata keçirilən layihə çox önəmlidir. Layihə çərçivəsində qurumlararası əməkdaşlığın möhkəmləndirilməsi, məlumat mübadiləsinin təkmilləşdirilməsi və hər bir uşağın taleyinə fərdi yanaşmanın tətbiqi gələcək fəaliyyətimiz üçün möhkəm bir zəmin yaradır.
Əldə olunan nəticələr, formalaşan mexanizmlər və tövsiyələr gələcək strategiyaların qurulmasında bizə yol göstərəcək".