Bakı. Trend:
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Misirin Prezidenti Əbdül Fəttah Əs-Sisi Afrikadan Avropaya elektrik enerjisinin ötürülməsi məqsədilə Aralıq dənizinin dibi ilə elektrik kabelinin çəkilişi barədə saziş imzalayıblar.
Trend-in məlumatına görə, bu barədə “Associated Press” xəbər yayıb.
“Bu, sadəcə iki ölkə arasında əməkdaşlıq deyil, Yunanıstan vasitəsilə bütün Avropaya birbaşa bağlantı yaradacaq regional strateji layihədir”, – Əbdül Fəttah Əs-Sisi bildirib.
Baş nazir Mitsotakis isə qeyd edib ki, bu layihə sayəsində ucuz enerji, xüsusilə külək enerjisi Yunanıstana və oradan da bütün Avropaya nəql edilə biləcək.
Məlumata əsasən, Aralıq dənizinin şərq sahili boyunca çəkilməsi nəzərdə tutulan kabelin uzunluğu təxminən 1 000 kilometr, ötürmə gücü isə 3 000 meqavat olacaq. Layihə Avropa İttifaqının dəstəyini alıb və bu da maliyyə baxımından irihəcmli dəstək gözləntilərinə zəmin yaradır.
Layihəyə özəl sektor nümayəndəsi kimi Yunanıstanın “Copelouzos Group” şirkəti də cəlb olunub. Kabelin istismara verilməsi növbəti beş il ərzində planlaşdırılır.
Qeyd edək ki, 2021-ci ildə Yunanıstan və Misirin enerji qurumları günəş və külək enerjisinin ötürülməsi üçün sualtı kabel layihəsi üzrə ilkin əməkdaşlıq memorandumu imzalamışdılar.