Bakı. Trend:
Asiya İnkişaf Bankının (AİB) rəhbərliyi Bankın Milanda keçirilən 58-ci İllik Yığıncağının yekun sessiyasında çıxış edərək, inklüziv inkişaf, davamlılıq və regional inteqrasiyanın təmin edilməsində rəqəmsal transformasiyanın strateji rolunu önə çəkib.
Trend-in Milanda olan xüsusi müxbirinin verdiyi məlumata görə, AİB-in sektorlar və mövzular üzrə vitse-prezidenti Fatimə Yasmin bildirib ki, Bank inkişaf etməkdə olan üzv ölkələrin rəqəmsal çağırışlara cavab verməsində fəal dəstək göstərir. O qeyd edib ki, bu məqsədlə AİB-in Rəqəmsal Sektor Ofisinin imkanları genişləndirilib və bu təşəbbüs qanunvericilik çərçivələri, kibertəhlükəsizlik, rəqəmsal bacarıqlar və universal texnoloji çıxış kimi sahələri əhatə edir.
"Rəqəmsal transformasiya artıq seçim deyil, mütləq zərurətdir", – deyə Yasmin vurğulayıb. O əlavə edib ki, Bank üzv ölkələrin artan ehtiyaclarını nəzərə alaraq, iyun ayında qərargahında rəqəmsallaşma üzrə ilk nazirlərarası görüş təşkil edəcək və bu, vahid rəqəmsal bazarların qurulmasına dair standartların uyğunlaşdırılmasına töhfə verəcək.
AİB-in İnzibati və Korporativ İdarəetmə üzrə vitse-prezidenti Brüs Qosper isə çıxışında bildirib ki, ölkələr rəqəmsallaşma prosesini idarə etmək üçün AİB-in dəstəyinə güclü ehtiyac duyur. Onun sözlərinə görə, həm dövlət, həm də özəl sektor tərəfindən bu sahəyə yüksək maraq göstərilir və bu, maliyyə resursları və sektorarası əməkdaşlıq tələb edən uzunmüddətli bir prosesdir.
Bankın Maliyyə Məsələləri və Risklərin İdarə Edilməsi üzrə vitse-prezidenti Roberta Kasali isə diqqəti rəqəmsallaşmanın yaratdığı imkanlarla yanaşı, onun risklərinə də yönəldib. O qeyd edib ki, düzgün nəzarət mexanizmləri olmadan rəqəmsallaşma sosial və gender bərabərsizliyini daha da dərinləşdirə bilər. Kasali həmçinin Avropa və Asiya-Sakit Okean regionlarının qarşılaşdığı rəqəmsal suverenlik və bacarıq çatışmazlığı kimi ortaq çağırışlara toxunaraq, daha sıx regionlararası əməkdaşlığa çağırıb.
"Bəli, ciddi çağırışlar mövcuddur, lakin artım potensialı da böyükdür. Regionlar arasında daha sıx əməkdaşlıq daha inklüziv, təhlükəsiz və innovativ rəqəmsal gələcək formalaşdırmaq üçün vacibdir", – deyə o bildirib.