Bakı. Trend:
İkinci Qarabağ müharibəsinin başa çatmasından artıq dörd ildən çox vaxt keçib, lakin bu müddət ərzində rəsmi İrəvan Azərbaycanla sülhün hüquqi sənədlə rəsmiləşdirilməsini davamlı olaraq ertələyir.
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa və ərazi iddialarından əl çəkməyə hazır olduğu barədə yüksək tribunlardan verdiyi bəyanatlara baxmayaraq, reallıq tamamilə fərqlidir. Regional sabitliyin əsas sütunu olan sülh müqaviləsi imzalanmamaqla bahəm, həm də proses məqsədli şəkildə əngəllənir. Niyə? Bu sual Ermənistanın daxili siyasi mexanizmlərinə, beynəlxalq təsirlərə və şəxsən Paşinyanın ikiüzlü oyununa dərindən nəzər salmağı tələb edir.
Nikol Paşinyan bu gün qeyri-müəyyənliyin ustasına çevrilib. Qərb auditoriyası üçün o, sülhsevər, islahatçı, yeni dövrün lideridir. Brüssel, Vaşinqton və Berlin kimi mərkəzlərdə o, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıdığını, kommunikasiyaların açılmasının vacibliyini və mehriban qonşuluq münasibətləri qurmaq istədiyini bəyan edir. Amma eyni Paşinyan İrəvanda tamamilə başqa cür davranır.
O, müdafiə naziri Suren Papikyana hərbi xərcləri artırmaq, sərhədlərdə mövqeləri möhkəmlətmək üçün tam səlahiyyət verir. Parlamentdə və küçədə anti-Azərbaycan ritorikası səsləndiriləndə susur. Cəmiyyətdə parçalanmanı təşviq edir, köhnə qorxular və revanşist xəyallar üzərində oynayır.
Səbəb sadədir: Paşinyan bütöv Ermənistana nəzarət etmir. O, sadəcə idarəçi vitrin rolunu oynayır, pərdə arxasında isə bir-birilə mübarizə aparan qüvvələr gizlənir.
Bugünkü Ermənistan tam mənada suveren dövlət deyil, əksinə, Rusiya, Fransa və ABŞ kimi üç qlobal aktorun maraq meydançasıdır. Hər birinin öz təsir alətləri, dəstək qrupları və siyasi məzmunları var.
Birinci - Rusiya izi. Moskva ilə münasibətlərin gərginləşməsinə baxmayaraq, Ermənistan ordusu, xüsusi xidmət orqanları və parlamentin bir hissəsində Rusiyaya bağlı strukturlar hələ də güclüdür. Rusiya Gümrüdəki hərbi bazanı, sərhədləri, enerji obyektlərini və hərbi-logistik imkanları idarə edir. Kreml Paşinyana kanalları vasitəsilə təzyiq göstərərək onun MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) orbitindən çıxmasının qarşısını alır.
İkinci - Fransanın revanşizmi. Paris "demokratiyaya dəstək" adı altında Ermənistanı Rusiyaya qarşı, eyni zamanda Fransaya bağlı forpost kimi formalaşdırmaq istəyir. Silah tədarükü, erməni zabitlərinin hazırlanması, "Ermənistanın təhlükəsizliyi" ilə bağlı bəyanatlar - bunlar alternativ vektor yaratmaq cəhdləridir. Əslində isə Fransa sülh prosesini pozur, İrəvanı qarşıdurmaya sürükləyir.
Üçüncü - ABŞ-ın ikili oyunu. Vaşinqton zahirdə Ermənistanı Azərbaycanla sülhə çağırır, amma eyni zamanda Ermənistan daxilində sülh əleyhinə fəaliyyət göstərən qüvvələrə qarşı təzyiq göstərməkdən yayınır. Paşinyanın hər addımı Mərkəzi Kəşfiyyat İdarəsi, ABŞ səfirliyi və xaricdən maliyyələşən QHT-lər tərəfindən izlənilir.
Beləliklə, Paşinyan sülh təşəbbüsü irəli sürəndə ya Rusiyanın "beşinci kolonu", ya da Fransanın və ABŞ-ın "vətəndaş cəmiyyəti" tərəfindən geri çəkilməyə məcbur edilir.
Hazırda Ermənistanda real güc mərkəzi yoxdur. Prezident Vahan Xaçaturyan formal fiqurdur. Parlament sonsuz qalmaqallar meydanıdır. Hökumət geniş səlahiyyətlərə malik olmayan bürokratik mexanizmdir. Hakimiyyət sanki havada asılıb, real idarəetmə rıçaqlarısa Paşinyanın və onun “Vətəndaş Müqaviləsi” partiyasının əlində cəmlənib. Amma bu nəzarət hörmətə deyil, xaos qorxusuna əsaslanır.
Paşinyan müharibə veteranları, habelə sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın tərəfdarlarının təşkil etdiyi bir neçə etiraz dalğasından sağ çıxa bilib. Amma onun dəstəyi sevgi üzərində deyil - alternativin olmaması üzərində qurulub.
Əvvəl baxışda Paşinyanın ən güclü rəqibləri kimi köhnə rejim təmsilçiləri - Robert Köçəryan və onun tərəfdarları görünür. Onların media resursları, maliyyə imkanları, diaspor dəstəyi və Moskvadakı əlaqələri var. Amma onların əsas zəif nöqtəsi - toplum tərəfindən qəbul edilməmələridir. Onların qayıdışı korrupsiya və repressiyalarla assosiasiya olunur.
Amma daha təhlükəli bir opponent var - küçə. Bəli, fragmentar, lakin radikallaşmış küçə qrupları: ultra-millətçilər, ifrat şovinistlər, veteranlar, keşişlər, “xilas komitələri”, tələbə fəalları və xaricdən gəlmiş silahlı dəstələr. Onların lideri yoxdur, amma dağıdıcılıq potensialı çox böyükdür. Əgər Paşinyan sülh müqaviləsinə imza atsa, onu satqın sayacaq ilk kütlə də məhz bunlar olacaq.
Rəsmi statistikaya əsasən, Paşinyanın hələ də seçki dayağı qalır - əsasən şəhərlərdə və gənclər arasında. Amma xalqla təması itir. O, mitinqlərə çıxmır, debatlardan qaçır, mühafizə olunan hökumət binasından bayıra çıxmır.
Əgər 2026-cı ildə seçkilər vaxtında baş tutarsa, əsas təhdid Köçəryandan yox, yeni dalğadan gələ bilər - yəni keçmiş hərbçilərdən, narazı bürokratlardan və ya xalqı arxasınca aparacaq gənc liderdən. Hələ ki, o şəxs ortada yoxdur. Amma bu - zaman məsələsidir.
Bu gün Ermənistan öz illüziyalarının girovuna çevrilmiş bir dövlətdir. Qərblə də, Şərqlə də eyni anda münasibət qurmaq olacağına dair illüziyaların; sülhdən danışıb, amma məsuliyyətdən yayınmaqla yaşamağın mümkünlüyünə dair illüziyaların; dəyişmədən yaşamağın mümkün olacağına dair illüziyaların. Paşinyan Azərbaycanla sülh sazişi imzalamır, çünki anlayır: onun imzası – siyasi karyerasının ölüm hökmü olacaq. Ona sülh sazişi lazım deyil, ona sonsuz proses lazımdır. Elə bir proses ki, o bu müddətdə manevr etsin, yalan danışsın, məsuliyyəti başqalarının üstünə atsın və möcüzə gözləsin. Amma möcüzə baş verməyəcək.
Gərginlik hər gün artır. Əgər İrəvan qəti addım atmasa, bu addımı başqaları onun əvəzinə atacaq. Və bu zaman nəticələr təkcə siyasi deyil, həm də coğrafi olacaq.
Bəlkə də, Paşinyanın siyasəti ilə bağlı ən dəqiq fikirlərdən birini erməni politoloqu Beni Mardoyan "Hraparak"a müsahibəsində söyləyib: “Paşinyan bu gün lider deyil – o, iki müxtəlif tamaşada eyni anda rol oynayan aktyordur: biri Qərb üçün, digəri erməni küçəsi üçün. Əsl reallıq isə kulisdə baş verir, orada isə idarəetmə tamam başqa qüvvələrin əlindədir.”
Doğrudan da, Paşinyanın bütün siyasi strategiyası illüziyaları qorumağa hesablanıb: guya Azərbaycanla sülh istəyir, amma əslində, bu sülh nə indiki sistemdə, nə də mövcud mühitdə mümkündür. 2023-cü il 13 oktyabr tarixində parlamentdə çıxış edərkən özü bəyan etmişdi: "Biz Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı tanımağa hazırıq. Bu, bizim bəyanatlarımızda öz əksini tapıb."
Amma cəmi bir həftə sonra elə həmin Paşinyanın rəhbərlik etdiyi partiya həmin sözlərin hüquqi qüvvəyə minəcəyi qətnamənin lehinə səs verməkdən imtina etdi. Niyə?
Cavab Ermənistanın siyasi sisteminin içərisinə işləyən zehni-psixoloji ikiləşmədə gizlidir. İrəvan sülh istəyir, amma nəticəsiz. Normallaşma istəyir, amma güzəştsiz. Avropa ilə inteqrasiya arzulayır, amma "qardaş Rusiya"nı itirməkdən qorxur. Bu – strategiya deyil, siyasi şizofreniyadır.
Sülh prosesinin önünü kəsən ən mühüm aktorlardan biri – erməni diasporasıdır. Təsiredici, varlı, amma Ermənistan reallıqlarından kəskin şəkildə uzaq. Fransa, ABŞ, Argentina, Kanada, Livan - harada ki, erməni diasporası güclüdür, orada İrəvandan qeyri-mümkün tələblər irəli sürülür: Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımamaq, mübarizəni davam etdirmək, "müqavimət ruhunu" saxlamaq. Bu tələblər nə beynəlxalq hüquqa, nə də Ermənistanın öz maraqlarına cavab verir - çünki bu ölkə blokada şəraitində, yeni müharibə qorxusu altında yaşayır.
Fransız analitik Jan-Pol Lafonten "Le Monde" qəzetinə
müsahibəsində deyirdi:
“Erməni diasporası keçmişin mifləri ilə yaşayır. Onlar sonuncu
erməniyə qədər döyüşməyə hazırdır - təki o sonuncu erməni başqası
olsun.”
Paşinyan bu diasporadan qorxur. Onun maliyyəsini, Qərb mediasındakı dəstəyini, ABŞ Konqresindəki təsir imkanlarını itirmək istəmir. Buna görə də o, mürəkkəb bir teatr oynayır: burada bir söz deyir, orada başqa bir söz. Amma belə oyun uzun çəkməz.
Bəs Azərbaycanla sülh müqaviləsinin bu gün niyə mümkün olmadığı sualına daha fundamental cavab nədir? Çünki bu sənəd Ermənistanın son 30 ildə formalaşdırdığı siyasi psixologiyanı – "xarici düşmən" üzərində qurulmuş dövlət ideologiyasını – dağıdacaq. Ermənistan bu illər ərzində özünü daim təhlükədə, blokadada, düşmənlər arasında mühasirədə görən, qorxu və "vətənpərvərlik isteriyası" ilə hərəkət edən bir rejimə çevirib.
Amma sülh sazişi hər şeyi dəyişəcək. Belə ki, ordunun indiki forması ilə mövcudluğu mənasızlaşacaq, Rusiyanın təhlükəsizlik təminatçısı rolunun heç bir dəyəri qalmayacaq, – Müxalifət özünün əsas şüarından olan"Qarabağı satmamaq" ritorikasından məhrum olacaq və ən əsası, erməni xalqının gözləri açılacaq: 2020-ci ildəki müharibə məğlubiyyət idi və heç bir revanş olmayacaq.
Paşinyan bunu anlayır. Onun ətrafındakılar daha yaxşı anlayır. Məhz buna görə də sülhə doğru hər addım, əslində, daxildə qorxu ilə zəhərlənmiş addımdır.
Erməni Həvariyun (Apostol) Kilsəsinin ölkənin siyasətinə təsiri çox zaman dəyərləndirilmir. Halbuki katolikos II Qaregin təkcə dini lider deyil, həm də tamhüquqlu siyasi fiqurdur. Onun rəhbərlik etdiyi strukturların öz maliyyə fondları, Rusiya, Fransa və hətta İranla əlaqələri var. 2020-ci ildəki müharibənin nəticələrini "qəti məğlubiyyət" kimi tanımayanların sırasında o da var idi. Kilsə “itirilmiş torpaqların qaytarılması” ritorikasını dəstəkləməklə revanşizmi bərkidir və istənilən praqmatik təşəbbüsün qarşısını alır.
Bunun üstünə bir də "Qarabağ lobbisi"ni gələk - Köçəryan və Sərkisyan rejiminin qalıqları biznesdə, bank sektorunda, məhkəmə sistemində dərin kök salıb. Onlar anlayırlar: Azərbaycanla real sülh – onların təsir imkanlarının sonu deməkdir. Bu səbəbdən onlar sabitliyə yox, məhz təxribatlara ümid bağlayırlar.
Mövcud siyasi dinamika fonunda Nikol Paşinyan 2026-cı il seçkilərinə zəif və qeyri-effektiv lider kimi yaxınlaşmaq riski ilə üz-üzədir. Onun partiyası tədricən mövqelərini itirir. Xüsusilə kəndlərdə və kiçik şəhərlərdə elektorat ruhdan düşüb, apatiyaya qapılıb. Bu isə yeni bir ictimai sifarişi önə çıxarır - artıq cəmiyyət sülhdən çox qayda-qanun, sabitlik tələb edir.
Məhz bu fon qarşısında yeni fiqur yarana bilər - bu, keçmiş hərbçi də ola bilər, xarizmatik bir şəhər meri də, Robert Qukasyan kimi populist-vətənpərvər də. Qukasyanın adı artıq sorğularda getdikcə daha çox çəkilir. Amma gələcəyin əsas rəqibi hələlik meydanda yoxdur. Paşinyanın ən böyük qorxusu da budur: o, konkret müxalifətdən deyil, siyasi boşluqdan qorxur.
Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün İrəvan üç gerçəyi qəbul etməlidir:
Birincisi, Qarabağ - Azərbaycanın ayrılmaz hissəsidir. Hüquqi, tarixi və faktiki olaraq.
İkincisi, revanş mümkün deyil. Onun kölgəsi belə yeni bir fəlakətə aparır.
Üçüncüsü, həqiqi suverenlik başqasının torpağı uğrunda deyil, öz səhvlərini dürüst şəkildə etiraf etməklə başlayır.
Bu həqiqətlər qəbul edilmədikcə, Brüsseldə keçirilən sammitlər, Vaşinqtonda baş tutan görüşlər, Blinken və ya Makronla verilən şəkillər heç bir nəticə verməyəcək.
Sülh mümkündür.
Amma yalnız bir halda - Ermənistan özünə yalan danışmağı dayandıranda.