...

Ulu öndər siyasi, hərbi, iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanın inkişaf strategiyasını hazırlayıb – Musa Quliyev

Siyasət Materials 8 May 2025 13:25 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sovet Azərbaycanına rəhbərliyi dövründə Ümummilli lider Heydər Əliyevin xalq, dövlət və tarix qarşısında ən böyük xidmətlərindən biri də milli intibahın, tarixi şüurun oyanışına yönəlik qərarlar qəbul etməsi, fəaliyyət göstərməsi, 1977-ci ildə SSRİ-də aparılan Konstitusiya islahatları çərçivəsində Azərbaycan dilinin Azərbaycan SSR-in Konstitusiyasına dövlət dili kimi təsbit edilməsi olub.

Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.

Millət vəkilinin sözlərinə görə, Ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə ikinci dəfə qayıtdıqdan sonra böyük siyasi, hərbi, iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanın inkişaf strategiyasını hazırlayıb.

“Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyasında ölkəmizin siyasi sistemi, insan hüquq və azadlıqları, iqtisadi münasibətlər və sosial təminatlar kimi mühüm müddəalar öz əksini tapıb. Ulu Öndər Heydər Əliyevin apardığı sosial-iqtisadi islahatların nəticəsində ölkəmiz iqtisadi sabitlik və inkişaf dövrünə qədəm qoydu. Heydər Əliyevin müasir dövlətçilik siyasətinin başlıca prinsipi “dövlət xalq üçündür” ideyasıdır. Ulu öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətinin daxili siyasətində, sosial ədalət, sosial rifah, sosial müdafiə xətti həmişə prioritet istiqamət kimi müəyyən olunur. Heç təsadüfi deyildir ki, bizim dövlət büdcəmizdə sosial xərclərin payının 30%-dən yuxarı olması artıq ənənə halını alıb”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə böyük sosial iqtisadi uğurlara imza atılıb:

“Qısa müddət ərzində respublikada işsizlik 5%-ə, yoxsulluq isə 5,6%-ə endirilib. 2003-2025-ci illərdə Azərbaycanda 2,2 milyon yeni iş yeri açılıb, minimum əməkhaqqı 44 dəfə artaraq 400 manata, orta aylıq əməkhaqqı 13 dəfə artaraq 1 010 manata, minimum pensiya 16 dəfə artaraq 320 manata, orta aylıq pensiya 22 dəfə artaraq 535 manata çatıb. 2019-cu ildən başlayaraq ölkəmizdə 5 dərin sosial islahatlar zərfi qəbul edilib. Bu paketlərin illik maliyyə dəyəri 8.5 milyard manat təşkil edir və 4 milyon vətəndaşın sosial təminatının yaxşılaşmasına xidmət edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti