...

AİB Xəzər Yaşıl Enerji Dəhlizi layihəsini dəstəkləməkdə maraqlıdır – Ləzizə Sabırova (Özəl müsahibə)

İqtisadiyyat Materials 8 May 2025 08:00 (UTC +04:00)
AİB Xəzər Yaşıl Enerji Dəhlizi layihəsini dəstəkləməkdə maraqlıdır – Ləzizə Sabırova (Özəl müsahibə)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB), Xəzər Yaşıl Enerji Dəhlizi layihəsini iqtisadi cəhətdən səmərəli hesab ediləcəyi təqdirdə daha da dəstəkləməyə hazırdır.

Bu barədə AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin Regional Əməkdaşlıq və Əməliyyatlar üzrə Koordinasiya şöbəsinin direktoru Ləzizə Sabırova Trend-ə özəl müsahibəsində bildirib.

Sabırova qeyd edib ki, layihə üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın hazırlanması prosesi davam edir və bu sənəd layihənin texniki, iqtisadi və tənzimləyici cəhətdən məqsədəuyğunluğunu qiymətləndirmək məqsədi daşıyır.

"Layihənin böyük həcmdə investisiya tələb edəcəyi şübhəsizdir və burada beynəlxalq maliyyə institutları ilə yanaşı özəl sektor üçün də imkanlar mövcuddur. Əgər texniki-iqtisadi əsaslandırma layihənin kommersiya baxımından sərfəli olduğunu sübut edərsə, AİB maliyyələşmədə iştirakda çox maraqlıdır", – deyə o bildirib.

Azərbaycanla əməkdaşlıq çərçivəsində yaşıl enerji təşəbbüsləri

Sabırova bildirib ki, AİB Azərbaycanda Bank, Biləsuvar və Ələtdəki günəş elektrik stansiyalarını da əhatə edən bir sıra yaşıl enerji layihələrini təsdiqləyib. Bundan əlavə, elektrik enerjisinin ötürülməsi və paylanması ilə bağlı 160 milyon və 250 milyon dollar dəyərində iki kredit, həmçinin istilik və energetika sektorunun karbonsizləşdirilməsi üçün texniki yardım göstərilib.

Orta Dəhliz Strategiyası və Bakı Metropoliteni layihəsi

AİB hal-hazırda CAREC proqramı çərçivəsində Orta Dəhliz üzrə strategiya üzərində işləyir. Strategiya təkcə infrastruktur yox, həm də "yumşaq" komponentləri – tranzit və gömrük prosedurlarının sadələşdirilməsini və texniki uyğunluğu əhatə edir. Sabirova bildirib ki, bu strategiya 2024-cü il ərzində yekunlaşdırılacaq və iyun ayında Qırğızıstanda keçiriləcək yüksək səviyyəli toplantıda təqdim olunacaq.

O, həmçinin əlavə edib ki, AİB Bakı Metropoliteninin genişləndirilməsi layihəsinin hazırlanması üçün texniki yardımı təsdiqləyib. Layihə çərçivəsində bir neçə yeni stansiyanın və 20 kilometrədək tunelin inşası, eləcə də rəqəmsal transformasiya komponentləri nəzərdə tutulur.

CAREC çərçivəsində Azərbaycanın tranzit rolu

Sabırova qeyd edib ki, Azərbaycan CAREC proqramı çərçivəsində əsas ölkələrdən biridir və bu proqram üzrə indiyədək ölkəyə 7,1 milyard dollar dəyərində investisiya yönəldilib. Bu vəsaitin böyük hissəsi nəqliyyat sektoruna yatırılıb.

AİB bu il iki yeni layihəni də təsdiqləyib: biri altıncı CAREC dəmir yolu dəhlizinin bir hissəsinin modernləşdirilməsini nəzərdə tutan 130 milyon dollarlıq dəmir yolu layihəsi, digəri isə Azərbaycan Dəmir Yolları üçün 47 milyon dollarlıq rəqəmsal transformasiya layihəsidir.

Rəqəmsallaşma və innovasiya

CAREC 2030 Rəqəmsal Strategiyası çərçivəsində Azərbaycanla əməkdaşlığa toxunan Sabirova, ASAN xidmət kimi uğurlu rəqəmsal təşəbbüslərin digər ölkələrlə paylaşılmasının önəmini vurğulayıb. Eyni zamanda, startaplar üçün ekosistem qurmaq məqsədilə Azərbaycanda fəaliyyət göstərən "Sabah Hub" innovasiya mərkəzi ilə əməkdaşlıq qurulduğunu da qeyd edib.

Xəbər lenti

Xəbər lenti