Bakı. Trend:
Bu il Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.
Bu barədə Trend İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
Məlumata görə, İZİA-nın idarəçiliyində olan Ağdam Sənaye Parkında 2024-cü ilin sentyabrından 2025-ci ilin I rübü daxil olmaqla sahibkarlar tərəfindən 85 milyon dəyərində məhsul istehsalı həyata keçirilib. Həmçinin cari ilin I rübündə 63 milyon manatlıq məhsul istehsal olunub.
"Hazırda Ağdam Sənaye Parkında 27 sahibkarlıq subyekti rezident, 5 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Qeydiyyata alınan bu 32 sahibkarlıq subyekti tərəfindən sənaye parkına 250 milyon manatdan çox investisiyanın yatırılması və 2100-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Artıq sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 111,7 milyon manat investisiya yatırılıb, 649 iş yeri yaradılıb", - məlumatda vurğulanıb.
"190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının 70%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib.
Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir, 10-dan çox müəssisənin isə tikintisi istiqamətində işlər davam etdirilir. Bu il parkda tütün məmulatlarının istehsalı müəssisəsinin də fəaliyyətə başlaması planlaşdırılır", - deyə məlumatda qeyd olunub.