Milan: Trend:
Asiya İnkişaf Bankı (AİB) Asiyada təmiz enerjiyə keçidi dəstəkləməyə dair öhdəliyini gücləndirir, diqqətini bərpa olunan enerji mənbələrinə, enerji saxlama sistemlərinə və enerji infrastrukturunun inkişafına yönəldir.
Trend-in Milana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Yaxın Şərq, Cənub-Şərqi Asiya və Sakit Okean regionu üzrə vitse-prezidenti Skott Morris AİB-in 58-ci illik iclasının bağlanış sessiyasında deyib.
Onun sözlərinə görə, AİB-in energetika sahəsinə investisiya yanaşması getdikcə daha çox özəl sektor tərəfdaşlıqlarına əsaslanır ki, bu da maliyyə və innovasiyaların səfərbər edilməsinə imkan yaradır:
“Artan enerji tələbatının ödənilməsi üçün bərpa olunan enerji sahəsində böyük öhdəliklərin həyata keçirilməsi üzrə artıq təcrübəmiz var. Uğurlu nümunələrə və hələ də sınaqdan keçirdiyimiz innovativ modellərə sahibik, xüsusilə özəl sektorun iştirakı ilə investisiyaları təşviq etmək üçün qarışıq maliyyələşdirmə mexanizmlərindən istifadə edirik”.
Morris əlavə edib ki, enerji keçidinin əsasları artıq uzun müddətdir məlum olsa da, bu gün diqqət daha çox struktur problemlərin səmərəli ötürmə infrastrukturunun çatışmazlığı və enerji saxlama güclərinin olmaması kimi məsələlərin həllinə yönəlib.
“Bizə səmərəli elektrik ötürmə sistemləri lazımdır və bərpa olunan enerji mənbələrinin enerji sisteminin əsasını təşkil etməsi üçün enerji saxlama həlləri də vacibdir. Hazırda bu məsələlərə daha çox diqqət yetirilir”, - deyə o vurğulayıb.
O, həmçinin, regional əməkdaşlığın və ümumi enerji bazarlarının yaradılmasının əhəmiyyətinə toxunaraq bildirib ki, bu yanaşma miqyaslı, səmərəli və dayanıqlı enerji inkişafına töhfə verəcək.
“Hər bir ölkənin bərpa olunan enerjiyə olan tələbatını ödəməyin ən yaxşı yolu regional bazar yaratmaqdır. Bu, təkcə enerji çatışmazlığını aradan qaldırmağa yox, həm də iqtisadi artım və tərəqqiyə təkan verəcək”, - deyə Morris qeyd edib.
AİB rəhbərliyi, həmçinin, texniki və institusional maneələrin aradan qaldırılması üçün maliyyə yatırımları və siyasi dialoq tələb edən kompleks regional təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını təsdiqləyib.