Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Çindən Azərbaycana 154 min 128 ədəd smartfon idxal edilib.
Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu sayda smartfonların idxalına çəkilən xərc 41,7 milyon ABŞ dolları olub.
Çindən smartfon idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 14 min 777 ədəd və ya 8,7%, dəyər ifadəsi ilə 2,3 milyon ABŞ dolları, yaxud da 5,2% azalıb.
Belə ki, ötən ilin ilk iki ayında Azərbaycana Çindən 44 milyon ABŞ dolları dəyərində 168 min 905 ədəd smartfon gətirilib.
Hesabat dövründə Çindən idxal olunan smartfonun bir ədədi üçün orta qiymət 270,4 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 9,7 ABŞ dolları və ya 3,7% bahadır. Ötən ilin müvafiq dövründə bu qiymət 260,7 ABŞ dolları idi.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycana 54,2 milyon ABŞ dolları dəyərində 183 min 109 ədəd smartfon gətirilib. Smartfonlar Çindən, Hindistandan, Koreyadan, Gürcüstan və Vyetnamdan idxal edilib.