Şuşa. Trend:
"Gənclər Paytaxtı" Şuşada ilboyu müxtəlif tədbirlər keçirilib".
Trend xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının bağlanış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 2024-cü il Şuşa şəhəri üçün yaddaqalan olub: "İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gənc iştirakçıları burada maraqlı tədbirlərlə çıxış etdilər. Bildiyiniz kimi, bu il, həmçinin Şuşada İCESCO ilə birgə "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumu təşkil edildi”.
F.Qayıbov Azərbaycan gənclərinin Azərbaycanın ev sahibliyi etdiyi böyük tədbirlərdə fəallıq nümayiş etdirdiklərini vurğulayıb:
“Onlar Türk Dövlətləri Təşkilatının "Gənclər Paytaxtı" olan Lənkəran şəhərində, eləcə də Bakının ev sahibliyi etdiyi COP-29 tədbirlərində fəallıqları ilə yadda qaldılar. Gənclərlə bağlı tədbirlər dövlətin dəstəyi ilə həyata keçirilir. Prezident İlham Əliyev gənclərə hər zaman yüksək diqqət və qayğı ilə yanaşır”.
Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” elan olunub. Prezident İlham Əliyev 2024-cü il 17 aprel tarixində “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.