Bakı. Trend:
ABŞ-ın ən böyük sığorta şirkətlərindən biri olan
UnitedHealthcare-in baş direktoru Brayan Tompson Nyu-Yorkun
mərkəzində silahlı hücum nəticəsində öldürülüb.
Trend xəbər verir ki, Nyu-York Polis Departamentinin (NYPD) komissarı Jessica Tisch hadisəni “həyasız və məqsədyönlü hücum” kimi qiymətləndirib. Polis məlumatına görə, Tompson yerli vaxtla səhər saat 6:45-də Nyu York Hilton Midtown otelinin yaxınlığında güllələnib.
Tisch bildirib ki, hücum edən şəxs otelin girişində Tompsonu gözləyib və atəş açaraq onun kürəyinə və ayağına xəsarət yetirib. Silahlı şəxs digər yoldan keçənlərə məhəl qoymayaraq qurbanını hədəfə alıb.
Cinayətin motivi hələ ki, naməlumdur. Hüquq-mühafizə orqanları cinayətkarı müəyyənləşdirmək və yaxalamaq üçün araşdırmaları davam etdirir. Hazırda təcavüzkarın axtarışı artıq 7 saatdır ki, davam edir.