Bakı. Trend:
Yaşıl enerjiyə keçid Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. İşğaldan azad edilmiş ərazilərdə də bərpa olunan enerji mənbələrindən istifadə edilərək, ətraf mühitə dost və dayanıqlı enerji istehsalına yönəlmiş genişmiqyaslı layihələr həyata keçirilir.
Bunu Trend-ə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev deyib.
O, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “yaşıl texnologiyalar”ın üstünlükləri və bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat verib.
Agentlik rəsmisi bildirib ki, hazırda bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri və digər istiqamətlərdə işlər davam etdirilir:
“Qarabağ və Şərqi Zəngəzur Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yaşıl enerji zonası elan edilib. 2021-ci ildə imzalanmış 2026 nömrəli sərəncama əsasən, beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə müvafiq Konsepsiya hazırlanıb. Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli 357s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq edilib. Hazırda bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə üçün infrastrukturun qurulması, tikililərin damlarında bərpa olunan enerji qurğularının, xüsusən günəş panellərinin quraşdırılması, həmçinin küçələrin və yolların işıqlandırılmasında LED lampalar kimi yaşıl həllərin tətbiqi istiqamətində işlər davam etdirilir”.
C.Əliyev vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə ümumi qoyuluş gücü 270 MVt olan 32 ədəd su elektrik stansiyası ilə yanaşı, 550-dən çox fərdi yaşayış evində və ictimai binalarda ümumilikdə 3000 kVt-dan çox gücə malik günəş panelləri quraşdırılıb: “Laçın rayonunun Zabux və Sus kəndlərində hər bir fərdi yaşayış evində, inzibati binalarda, məktəb və uşaq bağçasında şəbəkə ilə birgə çalışan damüstü günəş panelləri quraşdırılıb və vətəndaşların istifadəsinə verilib. Laçın şəhərində isə 24 fərdi yaşayış evinin hər birinin üzərində 3-5 kVt gücündə günəş panelləri sistemi həm şəbəkəyə qoşulmaqla, həm də avtonom olaraq quraşdırılıb. Bu texnologiyaların tətbiqi enerji təminatını ekoloji cəhətdən təmiz etməklə bərabər əhali üçün elektrik enerjisinə olan xərcləri əhəmiyyətli dərəcədə azaldır. Gələcəkdə yeni tikiləcək fərdi yaşayış evlərində və ictimai binalarda da damüstü günəş panellərinin quraşdırılması davam etdiriləcək”.
“Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə küçə və yolların işıqlandırılmasında LED lampalardan istifadə edilir. LED işıqlandırma sistemi, enerjiyə qənaət etməklə yanaşı uzun müddət xidmət edir və şəhərlərin estetik görünüşünü yaxşılaşdırır.
Elektrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə ətraf mühitin qorunmasına töhvə vermək məqsədilə bu ərazilərdə elektrik doldurma məntəqələrinin sayı artırılır”, - qurum rəsmisi əlavə edib.