Bakı. Trend:
Bu gün ölkə və dünya mətbuatında müzakirə olunan aktual məsələlərdən biri də ABŞ Prezidenti Cozef Baydenin oğlunun əfv edilməsi ilə bağlı qəbul etdiyi qərardır. Hazırkı ABŞ Administrasiyasının bu addımı birmənalı qarşılanmır və çoxsaylı sualların yaranmasına səbəb olur. Demokratik dəyərlərin kobud şəkildə pozulması kimi dəyərləndirilən bu addım Baydenin hakimiyyətinin bu və ya digər ölkələrə “demokratiya dərsi”ni hansı prinsiplərə söykənərək keçdiyi barədə aydın təsəvvür yaradır. Dövlət maraqlarını öz şəxsi maraqlarına qurban verən, ədalət meyarının tətbiqi üçün vahid mexanizmin olmamasını açıq şəkildə təsdiqləyən bu qərar “öz gözündə tiri görməyib başqasında çöp axtarmaq”, həmçinin “məndən ötsün, kimə dəyir-dəysin” kimi deyimlərin reallıqda təsdiqidir. ABŞ kimi bir dövlətin liderinin demokratik prinsiplərə, hüquqa belə ədalətsiz və hörmətsiz yanaşma nümayiş etdirməsi dünya ictimaiyyəti tərəfindən də sonsuz hiddətlə qarşılanır. Silah alışı məsələsində təqsirli bilinən və dekabrda həbsi nəzərdə tutulan Hunter Bayden atası tərəfindən əfv edilməklə sonrakı addımlarına sanki bir dəstək qazanmış olur. O da məlumdur ki, keçən ay Ağ Evin hazırkı sahibi oğlunu əfv etmək niyyətinin olmadığına dair açıqlama vermişdi. Sözlə əməli vəhdət təşkil etməyən, qanunlara qarşı açıq hörmətsizlik göstərən ABŞ Prezidenti hazırda ictimai qınaqla üz-üzədir. Qeyd edək ki, Hunter Bayden 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib. O, həmçinin vergidən yayınma ilə bağlı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf edib. Prezidentin oğlunu vergi ittihamı üzrə maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə, silah alışına görə 25 ilə kimi azadlıqdan məhrumetmə cəzası və 750 min dollar cərimə gözləyirdi. Silah alışı ittihamı üzrə onun həbsi dekabrın 13-nə, vergi məsələsi ilə bağlı isə dekabrın 16-na nəzərdə tutulmuşdu.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Baydenin prezident səlahiyyətlərindən sui-istifadə edərək oğlunu əfv etməsinə ilk münasibət bildirənlərdən biri də ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp oldu. O, bu hadisəni Baydenin vəzifəsindən sui-istifadə etməsi və məhkəməyə hörmətsizlik kimi qiymətləndirdi. Tramp sosial şəbəkəsində etdiyi paylaşımında bu dəyərləndirmənin ardınca belə bir sual da ünvanladı ki, Co Hunterə verilən əfv uzun illər həbsdə olan 6 yanvar girovlarına da şamil edilirmi? Tramp “6 yanvar girovları” ifadəsi ilə 2021-ci il Kapitoli basqınında iştirak etdikləri üçün məhkum edilən şəxsləri nəzərdə tutur.
Vüqar Rəhimzadə vurğulayıb ki, vaxtilə tüfeyli həyat tərzinə görə dəfələrlə qınaq hədəfində olan Baydenin səlahiyyətlərindən sui-istifadə edərək narkoman, cinayətkar, əxlaqsız oğlunu əfv etməsi bu mənada başa düşüləndir. Bu, amerikasayağı demokratiyadır. Digər ölkələrə qanunun aliliyindən dərs keçməyə çalışan Bayden administrasiyası ən ali səviyyədə belə qanunsuzluqlar törədir. Amerikasayağı demokratiyanın prinsipləri zamana və məkana görə dəyişir. Demokratiyanın əsas prinsipləri qanunun aliliyinin və sabitliyin təmin olunmasıdır. Əslində, məhkəmə-hüquq sisteminə hörmətsizliyi ilə diqqətdə olan Baydendən demokratik addım gözləmək sadəlövhlük olar. Bayden administrasiyasının “demokratiya”dan özünün qlobal strategiyasını, geosiyasi addımlarını reallaşdırmaq üçün alət kimi istifadə etməyə çalışması özlüyündə demokratik dəyərlərə ən böyük zərbədir. Demokratiya hər hansı bir ölkənin patenti deyil, o, bəşəriyyətin ortaq dəyəridir. Demokratik prinsiplərin tətbiqində vahid mexanizmin bugünədək müəyyənləşdirilməməsi daim problemlərin yaşanmasına, etimad mühitinin sıfıra enməsinə gətirib çıxarar. ABŞ-ın hazırkı administrasiyasının guya demokratiya naminə keçirdiyi sammitlər də daim tənqid atəşinə məruz qalır. Bu reallıq da xüsusi vurğulanır ki, Bayden administrasiyasının təqdim etdiyi demokratiya modeli bu ölkənin xarici siyasətinə, hazırkı beynəlxalq siyasi reallıqlara uyğun gəlmir.
Millət vəkili bildirib ki, Bayden hökumətinin demokratiyanın əsas elementlərindən olan məhkəmə sisteminin qərarlarına belə hörmətsiz yanaşması təəccüb doğurmur. Onun təşkilatçılığı ilə keçirilən saxta demokratiyaya dəstək sammitləri bu hökumətin demokratik islahatlarının əsasında hansı məqsədlərin dayandığının aydın ifadəsidir. Qeyd edək ki, həmin sammitlərdə Ermənistanın dəvət edilənlər sırasında olması Baydenin demokratik prinsiplərə hansı prizmadan yanaşdığını açıqlamışdı.