Bakı. Trend:
Bu ilin ilk on ayı ərzində İtaliyadan Azərbaycana idxalın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faizdən çox artıb.
Trend xəbər verir ki, bunu İtaliya Ticarət Agentliyinin (İTA) direktoru Andrea Makkaniko İtaliya səfirliyi və İtaliya Ticarət Agentliyinin (ITA) birgə təşkilatçılığı ilə keçirilən İtalyan Mətbəxi Həftəsinin açılışına həsr olunmuş mətbuat konfransında bildirib.
“Son üç il ərzində bu artım 15 faizdən çox olub”, – deyə o əlavə edib.
Andrea Makkaniko vurğulayıb ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İtaliya Azərbaycanın ümumi ixracatının təxminən 40 faizinin yönəldiyi ölkə olaraq qalır.
“Xüsusilə içkilər, şərab və digər məhsulları əhatə edən aqrar-ərzaq sektoru üzrə artım əhəmiyyətli olub. Biz bu əlaqələri təşviq etmək üçün hazırkı təşəbbüs – İtalyan Mətbəxi Həftəsi də daxil olmaqla, bir sıra layihələr vasitəsilə fəal şəkildə dəstəkləyirik”, – deyə A.Makkaniko qeyd edib.
Onun sözlərinə görə, bu tədbir çərçivəsində master-klasslar keçirilir. Həmçinin, gələn həftə, bazar ertəsi, yerli istehsalçıların iştirakı ilə İtaliya və Azərbaycan mədəniyyətinə həsr olunan görüş təşkil olunacaq.