...

Azərbaycanın Orta Dəhlizdə rolu hər keçən gün artmaqdadır - ŞƏRH

İqtisadiyyat Materials 4 Dekabr 2024 20:43 (UTC +04:00)
Azərbaycanın Orta Dəhlizdə rolu hər keçən gün artmaqdadır - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM – Orta Dəhliz) ilə Çin Xalq Respublikasından Azərbaycan istiqamətində 300-cü konteyner blok-qatarı göndərilib. Çin–Azərbaycan və Azərbaycan–Çin istiqamətləri üzrə yükdaşımalar Orta Dəhlizin Şərq-Qərb-Şərq marşrutu kimi formalaşmasını sürətləndirməklə yanaşı, yük sahibləri üçün hər iki istiqamətdə sürətli, təhlükəsiz və səmərəli xidmətləri əlçatan edir.

Orta Dəhliz nəqliyyat dəhlizi Asiya ilə Avropa arasında yükdaşımanın sürətini artırmaq və iqtisadi əlaqələri gücləndirmək məqsədilə inkişaf etdirilən əsas logistika marşrutlarından biridir. Bu dəhliz Azərbaycanın strateji-coğrafi mövqeyində yerləşməsi səbəbindən mühüm rol oynayır.

Orta Dəhliz Çin və Avropa arasında ticarət və yük daşınmasının alternativ marşrutlarından biridir. Azərbaycan Cənubi Qafqazda yerləşərək, bu strateji dəhlizin vacib keçid nöqtələrindən birinə çevrilir. Çin, Qazaxıstan, Türkmənistan və digər Asiya ölkələrindən gələn mallar Azərbaycanın ərazisi vasitəsilə Avropaya daşınır.

Eyni zamanda, Azərbaycan həm də Avropadan Asiyaya yük daşınmasını təmin edən mühüm bir keçid rolunu oynayır. Orta Dəhlizin əsas hissələrindən biri Trans-Xəzər nəqliyyat marşrutudur ki, burada Azərbaycan mühüm tranzit ölkəsidir.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Trend-ə bildirib ki, Orta Dəhlizdə Azərbaycanın rolu hər keçən gün artmaqdadır.

"Azərbaycanın yerləşdiyi coğrafiyada mürəkkəb geosiyasi vəziyyət fonunda həm şimal qonuşumuz, həm cənub qonuşumuz sanksiya altında olduğundan ölkəmizin ərazisindən keçən dəhlizlərin, yolların əhəmiyyəti daha da artmaqdadır. Nəzərə alaq ki, şərq tərəfdən Azərbaycan istiqamətinə bir yox, iki marşrut gəlir və onlar da Ələt üzərindən üzü qərbə doğru istiqamətlənir.

Azərbaycan bunu da nəzərə alaraq, azad olunmuş ərazilərdə şaxələndirmə işləri görür. Bu da növbəti illərdə axının artmasına gətirib çıxaracaq. "Yaşıl enerji” sahəsi üzrə reallaşdırılan layihələr elektrik enerjisinin istehsalı və ixracı potensialının genişləndirilməsinə imkan yaradır, elektrik enerjisinin Azərbaycandan keçməklə Mərkəzi Asiya ölkələrindən Avropaya nəqli üçün geniş perspektivlər açır. Bundan başqa Xəzər dənizinin dibi ilə Trans-Xəzər fiberoptik kabel xətti layihəsi Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan Rəqəmsal İpək Yolu layihəsinin bir hissəsidir".

Ekspert onu da qeyd edib ki, dəmir yolu şəbəkəmiz müasirləşir, yenilənir.

"Şərq-Qərb dəhlizi üzrə müəyyən sahələrin artıq dəyişən cərəyana keçidi təmin olunub. Bu da daşınmaların 20% daha ucuz daşınmasına gətirib çıxaracaq. Dünyanın 90 ölkəsi ilə dəmir yolu daşınmaları icra olunur", - deyə R.Ağamirzəyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti