Bakı. Trend:
Ələt Azad İqtisadi Zonasının (AFEZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti Münhendə Almaniya-Azərbaycan İqtisadi Forumunda iştirak edib, habelə bir sıra yüksək səviyyəli görüşlər keçirib.
İlk öncə, nümayəndə heyəti Bavariya İqtisadiyyat Nazirliyinin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib. Görüş zamanı cənab Valeh Ələsgərov Bavariya İqtisadiyyat, Regional İnkişaf və Enerji Nazirliyinin Avropa və Ticarət Sərgiləri Departamentinin rəhbəri cənab Martin Qrossmana AFEZ-də investorlar üçün yaradılan əlverişli şərait haqqında məlumat verib.
Cənab Qrossman AFEZ-də investorlara təqdim edilən əlverişli biznes mühitini xüsusilə vurğulayaraq, bu imkanların investorlar üçün böyük maraq kəsb edəcəyini bildirib və Nazirliyin Bavariya şirkətlərini AFEZ-də mövcud olan şərait barədə aktiv şəkildə məlumatlandıracağını qeyd edib.
Daha sonra, nümayəndə heyəti, Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi, Bavariya Sənaye Assosiasiyası və Almaniyanın Şərqi Avropa üzrə İqtisadi Əlaqələr Komitəsi tərəfindən təşkil olunmuş Almaniya-Azərbaycan İqtisadi Forumunda iştirak edib. Tədbir Bavariya Sənaye Assosiasiyasının icraçı direktoru cənab Bertram Brossardtın açılış nitqi ilə başlayıb. O, qonaqları salamlayaraq, Azərbaycan bazarında fəaliyyət göstərən Almaniya, xüsusilə də Bavariya müəssisələri haqqında danışıb. Həmçinin Almaniya-Azərbaycan ticarət və iqtisadi əlaqələrinin inkişaf potensialını vurğulayıb.
Daha sonra Bavariya Federal Torpağının Avropa və Beynəlxalq Əlaqələr üzrə dövlət naziri cənab Erik Beysvenqer Almaniya iqtisadiyyatının inkişafında Bavariya iqtisadiyyatının mühüm rolunu qeyd edib. O, bu forumun uğurunu yüksək qiymətləndirərək, belə təşəbbüslərin Azərbaycan-Almaniya iqtisadi və ticarət əməkdaşlığının inkişafında mühüm olduğunu bildirib. Cənab Beysvenqer, həmçinin, Alman şirkətlərinin Azərbaycana artan marağını iştirakçıların diqqətinə çatdırıb.
Ardınca, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Nəsimi Ağayev Almaniya və Azərbaycan arasında genişlənən iqtisadi və ticarət əlaqələrindən bəhs edib. O, həmçinin, Azərbaycandakı əlverişli biznes mühiti və AFEZ-də Alman şirkətləri üçün mövcud olan geniş imkanlar haqqında danışıb.
Sonda əsas məruzəçi qismində cənab Valeh Ələsgərov AFEZ-in təqdim etdiyi investisiya imkanları barədə ətraflı təqdimatla çıxış edib. O, AFEZ-in əsas üstünlükləri, o cümlədən unikal qanunvericilik bazası, strateji coğrafi mövqeyi, maliyyə və qeyri-maliyyə güzəştləri və istifadəyə hazır sənaye torpaq sahələrinə dair iştirakçıları məlumatlandırıb. Həmçinin, səmərəli biznes mühitini daha da əlverişli etmək üçün AFEZ-də yaradılan müasir logistika və nəqliyyat infrastrukturu haqqında məlumat verib.
Təqdimatda investor marağının artması səbəbindən AFEZ-də tikinti işlərinin sürətləndirildiyi xüsusilə vurğulanıb. Cənab Ələsgərov yüngül sənaye üçün nəzərdə tutulmuş FEZ 1 ərazisinin 138 hektarlıq sahəsində tikinti işlərinin planlaşdırılandan 18 ay əvvəl, ağır sənaye üçün ayrılmış FEZ 3 ərazisinin 365 hektarlıq sahəsində isə işlərin 24 ay tez başladığını qeyd edib. Ümumilikdə, AFEZ-in inkişafı üçün dövlət tərəfindən 7500 hektardan çox ərazi rezerv edilib ki, bunun 6500 hektarı artıq ayrılıb. Sonda, V. Ələsgərov yüksək əlavə dəyər yaradan və ixracyönümlü istehsalla məşğul olan Alman şirkətlərini AFEZ-də mövcud olan investisiya imkanlarından yararlanmağa dəvət edib.
Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Onlar artan tələbatı qarşılamaq üçün Səlahiyyətli Qurumun gördüyü qabaqcıl tədbirləri yüksək qiymətləndiriblər. Bir çox iştirakçı AFEZ-də yaradılmış şəraitə böyük maraq göstərərək, potensial investisiya imkanları haqqında müzakirələr aparıb ki, bu da gələcək əməkdaşlıq perspektivlərini əks etdirir.