...

Konstitusiya Məhkəməsinə ötən il 2049 ərizə və şikayət daxil olub

Cəmiyyət Materials 28 Yanvar 2025 17:12 (UTC +04:00)
Konstitusiya Məhkəməsinə ötən il 2049 ərizə və şikayət daxil olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Konstitusiya Məhkəməsinə ötən il 2049 ərizə və şikayət daxil olub.

Trend xəbər verir ki, bu barədə yanvarın 28-də Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Aparatının 2024-cü ilin yekunlarına həsr olunmuş hesabat iclasında bildirilib.

Qeyd edilib ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ötən il daxil olmuş Ali Məhkəmənin, Baş Prokurorluğun və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) sorğuları, məhkəmələrin müraciətləri və vətəndaşların konstitusiya şikayətləri ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilib.

"Konstitusiya Məhkəməsinə hesabat ili ərzində ümumilikdə 2049 ərizə və konstitusiya şikayəti, onlardan 859 ərizə və konstitusiya şikayəti onlayn müraciət vasitəsilə daxil olub. Plenum tərəfindən baxılmış konstitusiya işləri ilə əlaqədar mühüm əhəmiyyətli bir sıra qərar və qərardadlar qəbul edilib. Həmin qərarlarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət və cinayət prosessual qanunvericiliyin, mülki və mülki prosessual qanunvericiliyin, habelə əmək, inzibati xətalar və digər bir sıra qanunların normalarına rəsmi şərh vermiş, qərardadlarda isə tətbiqedici orqanlar üçün praktiki izahlar verib. Digər məsələlər üzrə konstitusiya şikayətləri müvafiq açıqlamalarla aidiyyəti orqanlara göndərilmiş və ya Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə imtina edilib", - deyə əlavə edilib.

İclasda Aparat rəhbərliyinin çıxışları, Aparatın müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və konstitusiya şikayətlərində toxunulan hüquqi aspektlər, məhkəmə tərəfindən qəbul edilən qərarların icrası, tərtib olunan analitik arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib.

Hesabat iclasının sonunda Fərhad Abdullayev 2024-cü ildə görülmüş işləri qənaətbəxş qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə hakimlərin icraatında olan işlərlə bağlı tövsiyələr etmiş, cari ildə Konstitusiyanın qəbul olunmasının 30 illik yubileyi ilə bağlı beynəlxalq konfransın və digər tədbirlərin keçirilməsi ilə əlaqədar təşkilati işlərin başlanması üçün müvafiq tapşırıqlar vermişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti