Bakı. Trend:
“Texnofest”ə heç bir inzibati qərar olmadan 100 minlərlə gənc qatıldı. Deməli, səlcuq bayraqdarlar millətimizin içərisində var. Yetər ki, startaplara meydan verilsin.
Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu gün keçirilən plenar iclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı çıxışında deyib.
Millət vəkili bildirib ki, Elm Fondunun vəsaitləri 2010-cu ildəki 7 milyondan, ötən ilki 3 milyona qədər azalıb, üstəlik, illərdir yarısı geri qayıdır.
“Halbuki yüzlərlə gənc rəqəmsal biliklərə malikdir və pilotsuz Akınçıları-Əkinçiləri özləri yarada bilərlər. Biz iqtisadi, siyasi suverenliyi qazanmışıq, texnoloji suverenlik də hədəfimiz olmalıdır.
İki tədqiqat əsaslı universitet yaradılmasına dair fərmanın vaxtı 2026-cı ildə başa çatır. OCED ölkələrində əhalinin 1000 nəfərinə düşən alim və tədqiqatçıların sayı 10-dan yuxarıda olduqda ölkə inkişaf etmiş sayılır.
Hökumət ixtisaslı kadrları haradan alır? Qarabağdan sonra ən böyük milli hədəfimiz peşəkar kadr məsələsi ola bilər. ABŞ-də yaradılan Hökumətin Effektivliyi Departamenti inqilabi qərarları - kütləvi ixtisarları, işçilərin hər həftə hesabat verməsini və bürokratik sistemi zəiflətməyi ona görə bacarır ki, əmək bazarında təklif tələbi 3 dəfə üstələyir. Lakin ölkəmizdə ixtisaslı kadrlara ehtiyac neft hasilatının azalması və birjalarda dəyişən enerji qiymətlərini kompensə edə biləcək yeganə resurs ola bilər”, - deyə komitə sədri qeyd edib.