Bakı. Trend:
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında imzalanmış “Naxçıvan Muxtar Respublikasına İnteraktiv Təhsil Yardımı” layihəsinin icrası yekunlaşmaq üzrədir.
Bu sözləri Trend-ə özəl müsahibəsində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
O bildirib ki, bu layihə internetə əlçatanlığı daha da artıracaq və təhsil müəssisələrimizdə tədris prosesində müasir texnologiyaların tətbiqini təmin edəcək:
“Məktəblilərimizin elektron resurslardan daha səmərəli şəkildə istifadə etmələri onlarda tədqiqat bacarıqlarının inkişafına da töhfə verəcəkdir.
Ümumilikdə, düşünürük ki, müxtəlif müsabiqə və olimpiadalar çərçivəsində Təhsil Nazirliyi olaraq çoxlu sayda istedadlı şagirdlər aşkarlamışıq. Həmin şagirdlər yaxın gələcəkdə bizə çoxlu sayda uğur xəbərləri gətirəcəklər”.
Nazir vurğulayıb ki, tədrisin keyfiyyətinin artırılması istiqamətində son iki ildə nazirlik tərəfindən silsilə tədbirlər həyəta keçirilmişdir.
“Belə ki müəllimlərin bilik və bacarıqlarının artırılması üçün Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və AzEdu Təhsil Portalı ilə birgə “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” adlı konfrans keçirilmişdir.
Həmçinin, Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəb psixoloqları üçün “Psixoloqların peşəkar bacarıqlarının inkişafı” və “Məktəb psixoloqunun fəaliyyətində süni intellektdən istifadə” mövzusunda təlimlər təşkil edilib. Məktəb kitabxanaçıları, peşə təhsili müəssisələrinin əməkdaşları üçün təlimlər də təşkil olunub. Bu istiqamətdə Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində peşəkar mütəxəssislər təlimçi olaraq prosesə cəlb olunmuşdur.
Məktəbəqədər təhsil müəssisələrində “Tərbiyəçi müəllimlərlə təcrübə mübadiləsi” başlığı altında “Müəllimlərə dəstək” təlimlərinə start verilib və təlimlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvanda şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Monitorinq Mərkəzi yaradılıb. Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq IX-XI sinif şagirdləri üçün buraxılış modelinə uyğun olaraq 4, XI siniflər üçün isə blok imahanları modelində isə 2 olmaqla ümumilikdə ödənişsiz olaraq 6 monitorinq-qiymətləndirmə təşkil olunmuşdur. Monitorinqlərdə 40 minə yaxın şagirdin iştirakı təmin edilmişdir”,- deyə E.Nəcəfov əlavə edib.
Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə mərkəzləşmiş qaydada təşkil edilən IV və VI siniflərin monitorinq qiymətləndirmə prosesinə Naxçıvan Muxtar Respublikası şagirdləri də cəlb edilib:
“Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Nəsrəddin Tusi adına həsr olunmuş fizika-riyaziyyat və Yusif Məmmədəliyev adına həsr olunmuş kimya və biologiya fənləri üzrə II Kimya-Biologiya Olimpiadaları keçirilmişdir.
Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan Bebras, Cerebry, Bilbacar, Hakaton, Respublika Fənn müsabiqələrində, həmçinin Astronomiya, LütfiZadə, Hippo, Kenquru, Qərbi Azərbaycana Qayıdış, VII İngilis dili və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən olimpiada və müsabiqələrdə 13 minə yaxın şagirdin iştirakı təmin olunub”.
Əsaslı təmirə ehtiyacı olan məktəbimiz yoxdur
Naxçıvanda fəaliyyət göstərən təhsil müəssisələrinin təmirindən danışan təhsil naziri vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 269 təhsil müəssisəsi müstəqillik illərində yenidən tikilib və ya əsaslı təmir olunub:
“Demək olar ki, bu gün əsaslı təmirə ehtiyacı olan məktəbimiz yoxdur. Hər hansı cari təmirə ehtiyacı olan məktəblərimiz diqqətdə saxlanılır və təmir ehtiyaclarına görə işlər aparılır.
Bundan əlavə 2023-2024-cü illərdə Ordubad rayonunun Azadkənd, Xanağa, Pəzməri, Şərur rayonunun Həmzəli, Alışar, Vərməziyar, 2024-2025-ci tədris ilində isə Şərur rayonunun Təzəkənd tam orta məktəbləri əsaslı təmirdən sonra kollektivin istifadəsinə verilib. 2024-cü ildə Şahbuz və Babək rayonlarında məktəbdənkənar təhsil müəssisələri üçün yeni binalar inşa olunub”.
Hər iki binanın layihələndirmə işlərinin tamamlanması nəzərdə tutulur
E. Nəcəfov qeyd edib ki, hazırda Babək rayonunun Hacıvar kəndində 456 yerlik yeni məktəb binasında inşaat işləri davam etdirilir və yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.
“Həmçinin, Babək rayonunun Nehrəm Qəsəbə 3 nömrəli tam orta məktəb binasında da yaxın günlərdə tikinti işlərinin davam etdirilməsi nəzərdə tutulur. Kəngərli rayonunun Qıvraq Qəsəbəsində 500 yerlik yeni məktəb binasının və Babək rayonunun Nehrəm Qəsəbəsində 100 yerlik uşaq bağçasının tikintisinin layihələndirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən satınalma müsabiqəsi keçirilib. Cari il ərzində hər iki binanın layihələndirmə işlərinin tamamlanması nəzərdə tutulur”,- deyə o əlavə edib.
Təhsil nazirinin sözlərinə görə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi fəaliyyətinin əsasını Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı Dövlət Proqramı əsasında qurur:
“Dövlət proqramında nəzərdə tutulan bir neçə tədbir müxtəlif istiqamətlər üzrə Elm və Təhsil Nazirliyinə inteqrasiyanı təmin etməyi qarşıya məqsəd qoyur. Biz də Təhsil Nazirliyi olaraq bu öhdəliklərin icrasını təmin edirik.
Bu baxımdan ilk dəfə olaraq muxtar respublikada ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq təhsilverənlərin sertifikatlaşdırılması prosesi, müəllimlərin işə qəbulu müsabiqəsi, peşə təhsili müəssisələrinə direktor, ümumtəhsil müəssisələrinə direktor, psixoloq və uşaq birliyi təşkilatının rəhbəri vəzifələrinə müsabiqələr təşkil olunub.
Həmçinin, məktəbəqədər təhsil müəssisələrinə müdirlərin və tərbiyyəçi müəllimlərin işə qəbulunun həyata keçirilməsi ölkə üzrə mərkəzləşmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib.
Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlığının yoxlanılması üçün diaqnostik qiymətləndirmə aparılıb.
Naxçıvanda ilk dəfə olaraq “Maarifçi” tələbə-məzun təcrübə proqramının icrasına başlanılıb və “Müasir metodist” layihəsinə start verilib”.
E. Nəcəfov diqqətə çatdırıb ki, Naxçıvan regional “ASAN xidmət” mərkəzində ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən təhsil xidmətlərinin göstərilməsinə başlanılıb.
“Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilk dəfə olaraq elektron sistem vasitəsi ilə aparılıb. Muxtar respublikada ilk dəfə 2024-2025-ci tədris ili üçün ölkə üzrə mərkəzləşmiş qaydada portal.edu.az platforması vasitəsilə peşə təhsili müəssisələrinə tələbə qəbulu aparılıb.
Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə və Naxçıvan Qızlar Liseyinə 2024-2025-ci tədris ili üçün qəbul imtahanları keçirilib.
Ümumilikdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan 37 adda elektron məlumat bazası və digər xidmətlərin 29-na inteqrasiya olunub. Həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 140-10 Qaynar xətti və vatşap xidməti yaradılmışdır ki, bu da vətəndaş müraciətlərinin operativ cavablandırılmasını asanlaşdırıb”,- deyə nazir qeyd edib.
Bəzi yeni planlarımız var
Müasir tələblərə cavab vermə baxımından məktəblərin vəziyyəti barədə də danışan Elxan Nəcəfov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərin demək olar ki, hamısı müasir tələblərə cavab verir.
“Zəruri ehtiyaclar əsasında gələcək üçün nəzərdə tutduğumuz bəzi yeni planlarımız var. Onları da plan üzrə icra edəcəyik”,- deyə nazir qeyd edib.
Sinif jurnalları elektronlaşdırılacaq
Təhsil naziri Naxçıvanda bu sahədə gələcəyə bağlı planlardan da danışıb:
“Məktəbəqədər təhsil müəssisələrinin texniki bazasının yaxşılaşdırılması, ümumtəhsil müəssisələrinin nəzdində icmaəsaslı təhsil qruplarının yaradılması, peşətəmayüllü siniflərin yaradılması, təhsil müəssisələrində şagird- kompüter nisbətinin yaxşılaşdırılması və bunun paralelində rəqəmsal bacarıqlar, virtiual məktəb layihəsinin tətbiqi, təhsil müəssisələrində yüksəksürətli internetin təmin olunması, maliyyə-mühasibatlıq sistemi üzrə 1C proqramına keçidin tam təmin olunması, ümumtəhsil müəssisələrində ölkə üzrə müəllimlərin iş yerlərinin dəyişdirilməsi elektron sisteminə inteqrasiya, məktəbdənkənar təhsil müəssisələrinin təhsil informasiya sisteminə qoşulması və bu müəssisələrə uşaqların elektron qəbul sistemi vasitəsilə qəbulu nəzərdə tutulan yeni planlarımız və hədəflərimizdir. Həmçinin dövlət nümunəli sənədlərin, xüsüsusilə sinif jurnallarının elektronlaşdırılması və müxtəlif istiqamətlər üzrə kütləvi imtahanların təşkili üçün elektron daşıyıcı olmaqla iki daimi İmtahan Mərkəzinin yaradılması nəzərdə tutulur”,- deyə E.Nəcəfov əlavə edib.
Naxçıvanda hal-hazırda müəllim çatışmazlığı yoxdur
O eyni zamanda qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində müəllim çatışmazlığı haliyədə yaşanmır.
“Əvvəldə qeyd etdiyim kimi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi son iki ildə ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən Müəllimlərin İşə Qəbulu prosesinə qoşulub. Biz mövcud vakant yerləri əvvəlcədən ictimaiyyətə açıqlamaqla prosesi təmin edirik. Beləliklə hər il Müəllimlərin İşə Qəbulu imtahanları çərçivəsində vakant yerlərə yeni müəllimlərin işə qəbulu təmin edilir. Eyni zamanda nəzərinizə çatdırım ki, Təhsil Nazirliyi tərəfindən müəllim-kadr ehtiyacları təhlil edilir. Xüsusilə sertifikatlaşdırma prosesi çərçivəsində işdən azad olunma halları yarana biləcəyi ehtimalları üzərindən də təhlillərimiz artıq başlayıb. Təhlillərin nəticəsi tələbə qəbulu planlarında nəzərə alınması üçün Elm və Təhsil Naziriliyinə, Naxçıvan Dövlət Universitetinə və Naxçıvan Müəllimlər İnstitutuna göndərilir”,- deyə təhsil naziri fikirlərini tamamlayıb.