Bakı. Trend:
Ötən il Türkiyədə birincisi keçirilən ailə və sosial siyasətlə bağlı iclasda türk dünyasında ailə məsələlərinə dair əməkdaşlığın gücləndirilməsinə önəmli töhfələr verilib.
Trend xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən “Güclü ailələr, güclü toplumlar: TDT ölkələri də ailəni dəstəkləkləyici siyasətlər” adlı tədbirdə çıxışı zamanı deyib.
O xatırladıb ki, nazirlər səviyyəsində reallaşdırılan ilk toplantı “Qloballaşan dünyanın riskləri qarşısında ailəmiz istiqrarımızdır” mövzusunda keçirilib.
“Bu il Azərbaycanda ikincisini həyata keçirdiyimiz toplantılarla bu prosesi daha da irəlilədəcəyik. Məqsədimiz ölkələrdəki ailə siyasətlərindən bəhs etmək, yaxşı təcrübələri paylaşmaq, qarşılaşdığımız problemlərlə birlikdə mübarizə aparmaq və ortaq strategiya formalaşdırmaqdır.
Çünki qloballaşma və rəqəmsallaşmanın sürətləndiyi bir zamanda ənənəvi ailə dəyərlərimiz risklərlə üzləşir. Boşanma göstəricilərinin çoxalması, evlilik yaşının yüksəlməsi bir çox ölkənin qarşılaşdığı ortaq problemlərdir", - o qeyd edib.