Ağdam. Trend:
Media nümayəndələrinin Ağdama səfəri başlayıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, media nümayəndələri Prezidentin izi ilə Ağdama təşkil edilmiş mediatur zamanı Prezident İlham Əliyevin açılışını etdiyi metal elektrik dirəklərinin istehsalı müəssisəsi ilə tanış olublar.
Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin baş mühəndisi Turqay Abdullazadə jurnalistlərə müsahibəsində bildirib ki, “Sənaye Parkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub.
Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 min 200 ton təşkil edir. Məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixrac ediləcək. İnvestisiya həcmi 2,96 milyon manat olan müəssisədə 32 daimi iş yeri yaradılıb. Müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,2 milyon manat zəmanətli kredit ayrılıb. Bununla yanaşı, müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanıb. Həmçinin texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 443 min manat dəyərində ƏDV və gömrük rüsumlarına güzəşt əldə olunub.
Sahibkarlıq fəaliyyətinin inkişafı üçün burada dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Parkda ümumi investisiyalarının həcmi 312 milyon manatdan çox olan 32 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 142 milyon manat sərmayə yatırılıb, 970-ə yaxın daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunmuş 945 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 39,5 milyon manatlıq hissəsi ixrac edir.
Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı Fərmana əsasən, 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının məqsədi işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.
