Ağdam. Trend:
Ağdamda inşa olunacaq mebel zavodunda Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə ediləcək.
Trend-in Qarabağ bürosunun məlumatına görə, bu barədə Prezidentin izi ilə Ağdama təşkil olunmuş mediatur zamanı "Saloğlu Qarabağ" MMC-nin kommersiya direktoru Elşən Bayramlı jurnalistlərə açıqlamasında bildirib.
E.Bayramlının sözlərinə görə, müəssisə Ağdam Sənaye Parkının 1 hektar ərazisində yaradılacaq. Zavodda mebel istehsalı, o cümlədən müxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq mebel, eləcə də metal mebel aksesuarlarının istehsalı nəzərdə tutulur. İstehsal prosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə ediləcək.
Bildirilib ki, zavodun illik istehsal gücü 4 min dəst mebel və 6 min ədəd metal mebel aksesuarı təşkil edəcək. İstehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac üçün də yönəldiləcək.
İnvestisiya dəyəri 8 milyon manat olan layihənin maliyyələşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kreditin ayrılması nəzərdə tutulur. Müəssisə, həmçinin sənaye parkının rezidentlərinə təqdim olunan bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Zavodun fəaliyyətə başlaması ilə 50 nəfər üçün daimi iş yerinin yaradılması planlaşdırılır.
