...

Zəfər Parkı Azərbaycan xalqının qəhrəmanlığını və qələbəsini əks etdirir - Afət Telmanqızı

Cəmiyyət Materials 25 Dekabr 2025 15:51 (UTC +04:00)
Zəfər Parkı Azərbaycan xalqının qəhrəmanlığını və qələbəsini əks etdirir - Afət Telmanqızı
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Xankəndi şəhərində yaradılan Zəfər parkı, Azərbaycan xalqının tarixi ədalətin bərpası və ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm qələbəni əks etdirir.

Bunu Trend-in yerli müxbirinə bu gün Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib.

Onun sözlərinə görə, Zəfər parkının ümumi sahəsi 9 hektardır. Parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb:

"Pilləkənlərin mərkəzi hissəsində quraşdırılmış lövhələrdə müharibənin gedişi barədə məlumatlar və azad olunmuş yaşayış məntəqələrinin adları qeyd edilib. Həmçinin, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə yer alıb".

O qeyd edib ki, Zəfər tağının hündürlüyü, Vətən müharibəsi günlərinin sayına uyğun olaraq rəmzi şəkildə 44 metr təşkil edir. Bina 10 mərtəbədən və terrasdan ibarətdir. Terrasda Zəfər Günü ilə əlaqəli 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub. Doqquzuncu mərtəbədə isə "Zəfər qalereyası" adlı sərgi-nümayiş zalı yaradılıb.

"Parkın ərazisində geniş abadlıq və quruculuq işləri aparılıb, fəvvarələr yaradılıb, işıqlandırma və musiqi sistemləri quraşdırılıb. İnşaat işləri zamanı mövcud ağacların qorunmasına xüsusi diqqət yetirilib. Ümumilikdə, parka 500-dən çox ağac və 11 mindən artıq kol və gül əkilib.

Zəfər parkı həm Xankəndi sakinlərinin, həm də qonaqların asudə vaxtlarını səmərəli keçirmələrinə imkan yaradacaq. Bu parkın yaradılması, həmçinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin uğurla davam etdiyini göstərir", - qurum rəsmisi əlavə edib.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti