Bakı. Trend:
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq son illərdə ticarət və investisiyalardan başlayaraq enerji, sənaye kooperasiyası, humanitar əlaqələr və xüsusilə regional əlaqəliliyin inkişafı daxil olmaqla bir sıra istiqamətlər üzrə ardıcıl şəkildə genişlənir və dərinləşir.
Trend xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Roza Bayramlı bu gün Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək – strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, bu qarşılıqlı fəaliyyət epizodik deyil, sistem xarakteri daşıyır: o, müntəzəm siyasi dialoqa və biznesin dayanıqlı və proqnozlaşdırıla bilən əməkdaşlıq kanallarına artan praktiki marağına əsaslanır.
“Bu fonda nəqliyyat-logistika gündəliyi xüsusi aktuallıq kəsb edir. Müasir geosiyasi reallıqlarda infrastruktur və logistika artıq təkcə iqtisadi alət kimi deyil, həm də dayanıqlılıq amili kimi qiymətləndirilir. Belə ki, bu sahədə əməkdaşlıq dövlətlərin və şirkətlərin xarici ticarət və tranzit axınlarını qoruyub saxlamaq, xərcləri və riskləri azaltmaq, marşrutların şaxələndirilməsini təmin etmək və rəqabət qabiliyyətini saxlamaq imkanlarına birbaşa təsir göstərir. Buna görə də bu gün nəqliyyat haqqında danışarkən, əslində təchizat zəncirlərinin sabitliyi, bazarın dəhlizlərə olan etimadı və regionun xəritədə sadəcə marşrutlar deyil, proqnozlaşdırıla bilən əlaqəlilik xidməti təklif etmək qabiliyyəti müzakirə olunur”, – deyə o bildirib.
Baş məsləhətçi qeyd edib ki, məhz bu kontekstdə C6 gündəliyi tətbiqi əhəmiyyət qazanır.
“Burada əlaqəlilik və nəqliyyat mövzusu əsas istiqamətlərdən biridir, çünki o, bütün iştirakçıların maraqlarına birbaşa toxunur. Bu çərçivədə infrastruktur layihələrinin və sərhəd qovşaqlarında prosedurların sinxronlaşdırılmasından tutmuş multimodal həllərin inkişafına, rəqəmsallaşdırmaya, dar boğazların aradan qaldırılmasına və şəffaf kommersiya şərtlərinin formalaşdırılmasına qədər müxtəlif məsələlər müzakirə olunur. Qeyd etmək vacibdir ki, bu iş həm C6 formatı çərçivəsində, həm də paralel olaraq ikitərəfli mexanizmlər, eləcə də üçtərəfli və çoxtərəfli platformalar, o cümlədən Türk Dövlətləri Təşkilatı kontekstində aparılır. Başqa sözlə, region ölkələrinin əməkdaşlığın praktik parametrlərini – qrafik və tariflərin əlaqələndirilməsindən məlumat mübadiləsinə və prosedurların sadələşdirilməsinə qədər – dəqiqləşdirdiyi müxtəlif formatlarda həyata keçirilir”, – deyə R.Bayramlı vurğulayıb.
İkitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq formatlarından danışan Roza Bayramlı bildirib ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-logistika gündəliyi artıq institusional ölçü qazanıb.
“Xüsusilə, 20 sentyabr 2024-cü il tarixində Bakıda “Azərbaycan Dəmir Yolları” QSC, “Uzbekistan Railways”, eləcə də Qırğızıstan və Tacikistanın dəmir yolu administrasiyalarının iştirakı ilə “Eurasian Transport Route” (ETR) beynəlxalq assosiasiyası təsis olunub. Assosiasiyanın məqsədi inteqrasiya olunmuş logistika məhsullarının formalaşdırılması, daşıma prosesi texnologiyalarının vahidləşdirilməsi, effektiv tarif siyasətinin hazırlanması, rəqəmsal həllərin tətbiqi və xərclərin optimallaşdırılmasıdır. Yəni, Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Gürcüstan və Türkiyə ərazilərindən keçən Orta Dəhlizin “cənub qolu”nun fəaliyyəti üçün fövqəlmilli əməliyyat çərçivəsinin yaradılması nəzərdə tutulur.
Paralel olaraq, region üçün son dərəcə zəruri əhəmiyyət daşıyan transxəzər qovşağında infrastruktur və əməliyyat məhdudiyyətlərinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Rəsmi səviyyədə həm strateji planlaşdırmaya dair çərçivə sənədləri, həm də dar boğazların aradan qaldırılmasına yönəlmiş tətbiqi sazişlər təsbit olunur. Belə ki, 30 sentyabr 2025-ci il tarixində Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolları arasında Orta Dəhliz çərçivəsində darboğazların aradan qaldırılması üzrə Fəaliyyət Planı imzalanıb. Bu sənəd 2022-ci ildə Azərbaycan, Qazaxıstan və Türkiyə tərəfindən imzalanmış 2022–2027-ci illər üçün Orta Dəhlizin inkişafına dair Yol Xəritəsini tamamlayır”, – deyə o, yekunlaşdırıb.
