Bakı. Trend:
Ölkəmizdə sosial platformaların tənzimlənməsi üçün mövcud hüquqi baza yaradılmalıdır.
Trend xəbər verir ki, bunu Azərbaycan Hakimlərinin II Forumunda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev "Cinayət mühakimə icraatının aktual məsələləri və müasir çağırışlar" adlı panel müzakirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırki hüquqi normalarla səmərəli fəaliyyət mümkün deyil:
"Faktiki olaraq hüquqi cəhətdən zəif tənzimlənən sosial şəbəkələrin artan təhlükəsi və bu şəbəkələrin aktiv cinayət platformalarına çevrilməsi, sahədə effektiv tədbirlərin gücləndirilməsini tələb edir. Fikir azadlığı və media kimi bəhanələrlə bu sahədə yetərli tənzimləmələr aparılmayıb. Nəzarətsiz qalmış belə şəbəkələrin daha da genişlənməsi və onların fəaliyyətinin ailə və şəxsiyyət dəyərlərini deqradasiyaya uğratması səbəbindən bəzi ölkələrdə sosial platformalar hüquqi tənzimləmələrə alınmışdır. Ölkəmizdə də sosial platformaların tənzimlənməsi üçün hüquqi baza yaradılmalıdır".
