Bakı. Trend:
Bu gün bir çoxumuz evdən çıxmadan internet üzərindən biznes qura bilirik. Onlayn təhsildə gecikmə ola bilər, amma onlayn birjada, mərc oyunlarında və onlayn qərarvermədə gecikmələr mümkün deyil.
Trend xəbər verir ki, bu fikirləri bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov “A-dan Z-yə internet" media üçün praktik təlimdə deyib.
“10-15 il əvvəl internetdən əsasən elektron poçtumuzu yoxlamaq üçün istifadə edirdik və bir neçə sayta daxil olub məlumatlar əldə edirdik. Bu gün bütün sahələr, hətta gündəlik ünsiyyət internet üzərində qurulub. Hazırda hər ailədən ən azı 3-4 cihaz internetdədir”.
İKTA rəsmisi qeyd edib ki, internetdəki problemlərin təxminən 35-40%-i evin daxilindədir:
“Bu yaxınlarda evdə internetin zəif olması səbəbindən vətəndaşın evinə baxış keçirildi, məlum oldu ki, modemi alçipanın altında qutuya qoyaraq gizlədib, sonra provayderdən şikayətlənib. Bu cür məlumatsızlığı aradan qaldırmaq lazımdır”.
