...

RÖVNƏQ ABDULLAYEV: "TEYMUR RƏCƏBOV ŞAHMAT ÜZRƏ BÜTÜN NAİLİYYƏTLƏRİN HAMISINI QAZANACAQ"

Cəmiyyət Materials 25 Avqust 2005 16:28 (UTC +04:00)

Azərbaycanın gənc şahmatçısı Teymur Rəcəbovun Almaniyanın Maynts şəhərində sürətli şahmat üzrə turnirin qalibi olması münasibəti ilə Heydər Əliyev adına Neft Emalı Zavodunda onunla görüş keçirilib.

Trend in məlumatına görə, Zavodun direktoru Rövnəq Abdullayev Teymur Rəcəbovla və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla səmimi görüş keçirib, şahmatçımızın qazandığı uğuru münasibəti ilə onları təbrik edib.

Qeyd edək ki, Teymur Rəcəbov Heydər Əliyev adına Neft Emalı Zavodunun nəzdində fəaliyyət göstərən "Məşəl" İdman Klubunun üzvüdür.
"Məşəl" klubunda idmanın şahmat, güləş, sambo, boks növləri üzrə təcrübəli, peşəkar idmançılar yetişir, müxtəlif səviyyəli çempionatlarda iştirak edir və yüksək nəticələr göstərirlər. Onlardan ən parlaq qələbələrə imza atan Teymur Rəcəbov dünyada 20 yaşına qədər olan şahmatçılar arasında liderdir.

Rövnəq Abdullayev Teymur Rəcəbovu ilin ən güclü turniri olan və dünyanın 600-a yaxın təcrübəli şahmatçısının mübarizə apardığı sürətli şahmat üzrə yarışda birinci yeri qazanması münasibəti ilə təbriklərini çatdırıb. R.Abdullayev qeyd edib ki, T.Rəcəbov bu silsilə uğurlarını, nümayiş etdirdiyi peşəkarlığını davam etdirsə o, idmanın bu növü üzrə mövcud olan bütün nailiyyətlərin hamısını qazanacaq.

Zavodun rəhbəri T.Rəcəbova hədiyyə təqdim edərək onunla xatirə şəkli çəkdirib. Teymur Rəcəbov da "Məşəl" idman klubuna və özünə göstərilən diqqətə, yaradılan şəraitə görə R.Abdullayevə təşəkkürünü bildirib.

Teymur Rəcəbov 2002 və 2004-cü illərdə klub daxilində Avropa çempionatı kubokunu qazanıb. Ötən il Liviyanın Tripoli şəhərində 128 ölkənin ən güclü şahmatçılarının iştirakı ilə keçirilən şəxsi dünya çempionatında qızıl tac uğrunda mübarizədə üçüncü yerə sahib çıxıb.

Şahmatçımız bu il aprel ayında isə İspaniyanın Dosermanas şəhərində keçirilən 17-ci kateqoriyalı mötəbər superturnirin qalibi olub. Bu il iyun ayında Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında ikinci yeri layiq görülərək gümüş medal qazanıb.

Bundan sonra Almaniyanın Maynts şəhərində sürətli şahmat üzrə ternirdə birinci yerə yüksəlib.Bundan başqa iyul ayında İsveçin Göteburq şəhərində keçirilən Avropa komandaları çempionatında Azərbaycanın şahmat üzrə yığma komandası da iştirak edib.

4 nəfərlik komandanın lideri olan Teymar Rəcəbov burada da Azərbaycanı layiqincə təmsil edib. Azərbaycan tarixində ilk dəfə olaraq şahmat üzrə yığma komandamız dünyanın ən güclü komandalarının ilk onluğuna düşüb və 9-cu yerdə qərarlaşıb. T.Rəcəbov 2002 və 2004-cü illərdə klub daxilində Avropa çempionatı kubokunu qazanıb.

Xəbər lenti

Xəbər lenti