...

Rudolf İvanov: Azərbaycan xalqının şanlı hərbi tarixi vardır

Cəmiyyət Materials 13 Yanvar 2006 15:13 (UTC +04:00)
Rudolf İvanov: Azərbaycan xalqının şanlı hərbi tarixi vardır

Azərbaycan xalqının qədim tarixi ilə yanaşı şanlı hərbi tarixi də vardır. Trend bildirir ki, yanvarın 13-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda keçirilən görüşdə Rusiyanın tanınmış tarixçi - qafqazşünas alimi, Rusiya yazıçılar Birliyi və Jurnalistlər İttifaqının üzvü, professor Rudolf İvanov bu barədə bəyan edib.

İnstitutun direktoru, professor Yaqub Məmmədov rusiyalı tarixçinin xidmətlərini "tarixi həqiqəti bərpa edən" və "ikili standartlara qarşı üsyan edən" bir alim kimi yüksək qiymətləndirib. Azərbaycan aliminin sözlərinə görə, faktları dəyişdirməyə cəhd edən erməni şovinistlərinin diktəsi ilə Azərbaycanın hərbi tarixi dəfələrlə təhrif edilib. O, qeyd edib ki, amma R.İvanov kimi alimlərin xidməti sayəsində dünya Azərbaycanın, eləcə də Qafqazın digər xalqlarının tarixinə dair gerçək faktları öyrənir.

AMEA Tarix İnstitutunun əməkdaşları R.İvanovun 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsi zamanı Bəyazid qalasının müdafiəsində Azərbaycan generallarının göstərdiyi qəhrəmanlığa həsr etdiyi "Bəyazidin müdafiəsi: həqiqət və yalan" kitabını müsbət qiymətləndirib və qeyd ediblər ki, kitab həmin dövr tarixinin tədrisi üçün qiymətli material olacaq.

Qeyd edək ki, R.İvanov Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın dəvəti ilə Bakıya gəlib.

R. İvanov 23 kitabın, habelə Rusiya imperatorluğu və Qafqazın tarixinə həsr olunmuş materialların əsas yer tutduğu təxminən 200 məqalənin, eləcə də Qafqaz xalqlarının tarixi, Rusiya imperiyasının müdafiəsi və təkamülündə qafqazlıların qəhrəmanlığı əks olunmuş bir sıra kitabların müəllifidir. Bu barədə görüşün təşkilatçısı Əməkdar jurnalist və Milli Məclisin deputatı Elmira Axundova iştirakçılara danışıb.Onun sözlərinə görə, tarixçinin əsərləri arasında "Bəyazidin müdafiəsi: həqiqət və yalan" tarixi povesti xüsusilə diqqəti cəlb edir.

E.Axundovanın sözlərinə görə, ötən il Rusiya televiziyası ilə 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinə həsr olunmuş "Bəyazid" televiziya filmi nümayiş etdirilib. Film E.Axundovanın qeyd etdiyi kimi, heç də həmişə tarixi faktlara kifayət qədər nəzakətlə yanaşmayan Valentin Pikulun romanı əsasında çəkilib. Amma filmin yaradıcı heyəti həqiqətlərdən daha çox uzaqlaşıb. O, qeyd edib ki, burada qalanın müsəlman mənşəli müdafiəçilərinin obrazı daha çox təhrifə məruz qalıb. Filmin nümayişindən sonra Rusiyanın "Nezavisimaya qazeta"da Rudolf İvanovun "Bəyazidin müdafiəsi: həqiqət və uydurma" adlı böyük həcmli məqaləsi nəşr edilib. Burada müəllif qalanın bir sıra qəhrəman müdafiəçilərinin, o cümlədən polkovnik İsmayıl xan Naxçıvanskinin də parlaq obrazını yaradıb. E.Axundovanın sözlərinə görə, filmin yaradıcılarının versiyasına baxmayaraq rusiyalı alim polkovnik İsmayıl xan Naxçıvanskini "cəsur və vicdanlı zabit" kimi xarakterizə edir. R.İvanovun araşdırmalarına əsasən, İsmayıl xan Rusiya imperiyasının yüksək mükfatlarına layiq görülüb.

E.Axundovanın sözlərinə görə, R.İvanov öz araşdırmalarını davam etdirərək "Bəyazidin müdafiəsi: həqiqət və gerçəklik" kitabını yazıb və burada azərbaycanlıların qəhrəmanlığından bəhs edərək Kəlbəli xan və İsmayıl xan Naxçıvanskilərin portretlərini çox gözəl yaradıb.

Müəllifin sözlərinə görə, o, indi Hüseyn xan Naxçıvanskiyə həsr olunmuş tarixi roman üzərində işləyir və material toplayır. Elə bu məqsədlə də tarixçi Naxçıvana getməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti