...

A.Paşazadə: "İraqda baş verən olaylar Azərbaycana keçə bilər"

Cəmiyyət Materials 24 Fevral 2006 20:24 (UTC +04:00)

Bu gün sünni-şiə məzhəblərinin qarşı-qarşıya qoyulması dünyada böyük ayrıseçkiliyə, iğtişaşlara, hətta dövlətlərarası münaqişələrə gətirib çıxara bilər. Trend xəbər verir ki, bu fikri Qafqaz müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bu gün son günlərdə İraqda baş vermiş hadisələrlə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Paşazadə hesab edir ki, iki qüvvənin toqquşması çox böyük fəlakətlərə gətirib çıxara bilər. Hadisələrin təkcə İraqa deyil, başqa ölkələrə də sirayət edə biləcəyini ehtimal edən Paşazadə bunun Azərbaycana gələ bilməsini istisna etməyib.

Yaxın Şərqdə və İraqda son günlərdə sünni-şiə məzhəblərinin toqquşması barədə əvvəlcədən məlumuta malik olduğunu deyən Paşazadə onu da bildirib ki, bu hadisələr əvvəlcədən kənar qüvvələr tərəfindən planlaşdırılıb və ssenari əsasında həyata keçirilir. "Çünki, Samirədə baş verən hadisələr adi hadisə deyil. Oranı parltladan müsəlman deyil. Müsəlman olan şəxs bu cür hərəkət edə bilməz. Onu yönəldən xüsusi qruplar var".

Hadisələrin inkişafından ehtiyat edən Şeyxülislam bütün dindarlara, ziyalılara müraciət edərək onları baş verənlərə münasibətlərini bildirməyə çağırıb. "Biz dindarlar bunu başa düşməli və səsimizi qaldırmalıyıq. Toqquşumanın qarşısını almağa çalışmalıyıq. Çünki tökülən qanlar müsəlman qanlarıdır. Ziyalılar da baş verənlərə elmi şəkildə yanaşıb ictimaiyyəti məlumatlandırmalıdır".

Hadisələrin törədilməsinin məqsədini açıqlayan Şeyxülislam bildirib ki, bu, axır vaxtlarda müsəlmanlarda dirçəlişin hiss olunmasından narahat olan qüvvələrin işidir.

Xəbər lenti

Xəbər lenti