Trend agentliyinin məlumatına əsasən, Azərbaycan ombudsmanı Elmira Süleymanova mayın 8-də Şuşanın işğalının 14-cü ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.
Bəyanatda deyilir ki, Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağın Azərbaycanın yurisdiksiyasında olması məsələsi dəfələrlə BMT, ATƏT, Avropa Şurası və digər ölkələr tərəfindən təsdiqlənib. Lakin Ermənistan beynəlxalq normalara əhəmiyyət verməyərək, beynəlxalq ictimaiyyətin fikrilə hesablaşmır.
Onun dediklərinə görə, BMT-nin Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin boşaldılması barədə 4 qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu sənədlərin icrasından imtina edir.
E.Süleymanova xatırladıb ki, Şuşanın işğalı zamanı 193 nəfər öldürülüb, 102 nəfər əlil olub, 27 sənaye və tikinti, 103 mədəni-məişət obyekti, 249 tarixi abidə və muzey dağıdılıb.
O, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə son qoyulacağına, münaqişənin sülh yolu ilə aradan qaldırılmasına dəstək veriləcəyinə, qaçqın və məcburi köçkünlərin öz yurdlarına dönəcəyinə, onların pozulmuş hüquq və azadlıqlarının bərpa ediləcəyinə, Ermənistan dövlətinə qarşı sanksiyaların tətbiq ediləcəyinə inandığını bildirib.
Bəyanat BMT-nin baş katibi, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı, YUNESKO, Avropa Şurası, ATƏT və digər qurumlara göndərilib.