Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda Mətbuat Şurasına (MŞ) daxil olan şikayətələr baxılıb, müvafiq qərarlar çıxarılıb.
Tədbirdə müzakirəyə çıxarılan 8 məsələdən ikisi "24 saat" qəzetində dərc edilən yazılarla əlaqədar olub. Komissiya "24 saat"ın "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın "həqiqətə xidmət, dəqiqlik və obyektivlik" adlı 1-ci prinsipinin 1.2 bəndini, 2-ci prinsipinin 2.2 bəndini, 3-cü prinsipin 3.2 bəndini, 4-cü prinsipinin 4.2 bəndini pozduğu qənaətinə gəlib. "Cavid" şirkətinin "Naxçıvanın səsi" qəzetindən verdiyi şikayətə baxılıb, Şikayətin müzakirəsi zamanı komissiya üzvləri həmin nəşrin məsələlərə yanaşmada "reket" jurnalistikaya xas üsul işlətdiyini qeyd edib. Komissiya qəzetlə bağlı materialların müvafiq orqanlara göndərilməsi qərarına gəlib.
İclasda "Nuqa best" firmasının "Birja plyus" qəzetinə qarşı şikayətində göstərilən bəzi məqamlara aydınlıq gətirilməsi üçün məsələnin müzakirəsinin növbəti tədbirdə davam etdirilməsi qərara alınıb. Bakı şəhər 189 saylı orta məktəbin psixoloqu Rəna Mehdiyevanın "Realnıy Azerbaycan" qəzetindən şikayəti isə nəşrin qarşı tərəfin müsahibəsini verəcəyini bildirməsi nəzərə alınaraq qapanmış sayılıb.
Sonra 3 saylı Bakı klinik xəstəxanasının həkimi Rim Papaavramidinin "Yeni Azərbaycan bələdiyyəsi" qəzetindən şikayəti araşdırılıb, komissiya yazıların təqdimatında, bir sıra fikir və ifadələrin işlədilməsində etik normaların gözlənilmədiyi qənaətinə gəlib və bu nəşrlə bağlı materialların hüquq-mühafizə orqanlarına göndərilməsini zəruri sayılıb. İclasda "Lakin" qəzetinin fəaliyyəti ilə bağlı bildirilib ki, bu qəzetin qapadılması məsələsi gündəmə gətirilməlidir.