Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdraəsi (MQİBİ) ömürlük həbsə məhkum olunmuş şəxslərin qiyabi təhsilalma mexanizmlərini hazırlamaq istəyir. Bu barədə Trend ə MQİBİ-nin qərargah rəisi Musa Hümbətov məlumat verib.
"İstəyirik ki, ömürlük cəzaya məhkum olunmuş şəxslər qiyabi təhsil almaq imkanı əldə edə bilsinlər. Məlum olduğu kimi, son illər ölkə başçısının atdığı humanist addımlar nəticəsində kütləvi əfvlər baş verir. Bu isə ömürlük həbs cəzasına məhkum olunmuşların bəzilərinin cəzasının yüngülləşdirilməsinə və həmin məhkumun nə vaxtsa azadlığa çıxmaq ehtimallarının yaranmasına səbəb olur. Buna görə də onların da təhsil almaları məqsədəuyğundur" - deyə M.Hümbətov söyləyib.
Qərargah rəisinin sözlərinə görə, artıq ömürlük həbsə məhkum edilmiş bir neçə şəxs təhsil almaq arzusu ilə MQİBİ-yə muraciət edib. Əsas problem isə təhsilin məhkumlara hansı şəkildə tətbiq olunmasındadır.
"Məlum olduğu kimi belə məhkumlar qapalı şəraitdə saxlanılırlar. Bu səbəbdən də onların təhsil almaları mexanizmini hazırlamaq bir qədər çətindir" - deyə o, vurğulayıb.