...

Ədliyyə Nazirliyində məhkəmə icraçıları və nəzarətçilərin işi üzrə layihə müzakirə olunub

Cəmiyyət Materials 5 İyul 2006 19:20 (UTC +04:00)

İyulun 5-də Ədliyyə Nazirliyində Azərbaycanın məhkəmə-hüquq sistemində islahatların keçirilməsi layihəsi çərçivəsində Avropa Komissiyasının TASİS proqramı nümayəndələrinin iştirakı ilə müzakirələr keçirilib. Trend "İTV" kanalına istinadən yaydığı məlumata əsasən, ədliyyə naziri müavini Vilayət Zahirov deyib ki, bu layihə ölkənin məhkəmə sisteminin inkişafına müsbət təsir göstərəcək.

Avropa Komissiyasının proqram koordinatoru Marko Korsi öz növbəsində bu proqrama göstərilən dövlət dəstəyindən razılığını ifadə edib. "Hazırkı mərhələdə bizi layihə çərçivəsində görülmüş işlərin gələcək taleyi maraqlandırır" - deyə M.Korsi vurğulayıb. O əlavə edib ki, layihə işləri bir ildən artıq davam edib.

Müzakirələrin əsas məqsədi məhkəmə icraçıları və nəzarətçilərin işinin təkmilləşdirilməsidir. Xüsusilə, dünya təcrübəsinin ölkədə tətbiqi məqsədilə treninqlərin keçirilməsi vacibliyi vurğulanıb. Məhkəmə icraçıları və nəzarətçilərinə texniki dəstəyin göstərilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, layihə çərçivəsində layihə işlərinin icrasına nəzarət üzrə TASİS-Azərbaycanın Ədliyyə Nazirliyi Komitəsi təsis olunub.

Xəbər lenti

Xəbər lenti