İyulun 25-də Acır cinayətlərə dair işlər uzrə Azərbaycn Məhkəməsində DİN Baş cinayət axtarış idarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun bandasının işi üzrə keçirilən məhkəmə iclasında Hacı Məmmədov ifadə verib. Trend in xəbərinə görə, məhkəmə iclasına ACDİM-nın sədr müavini, hakim Əli Seyfəliyev sədrlik edir.
H.Məmmədov məhkəmə ifadəsində söyləyib ki, istintaq orqanı əslində iki bandanın işini bir cinayət işində birləşdirib. H.Məmmədov: "Mənim bandamda 9 nəfər olub. Dəstənin digər üzvləri isə hazırda mənimlə birlikdə məhkəmə qarşısında dayanan Hüseyn Abdulvahabovun bandasına daxildir. Hüseynin bandası ev, maşın oğurluqları ilə məşğul olub. Həmin cinayətlərdə nə mən, nə də mənim bandamın üzvləri iştirak etməyiblər".
Təqsirləndirilən şəxs həmçinin qeyd edib ki, iki ayrı-ayrı bandanın üzvləri yalnız 3 cinayətdə birgə fəaliyyət göstəriblər. Həmin cinayətlər "Azərmebelsənaye" istehsalat birliyinin keçmiş sədri Nazim Paşayevin, Elşən Həsənovun və Cavid Manafovun oğurlanaraq, öldürülməsindən ibarətdir.
"Bütün qətllər şəxsən mənim tərəfimdən həyata keçirilib. Banda üzvləri isə məndən qorxduqları üçün həmin meyitlərin basdırılmasında mənə kömək ediblər" - deyə H.Məmmədov bildirib. DİN narkotiklərlə mübarizə idarəsinin keçmiş şöbə müdiri Azər İsmayılovun öldürülməi ilə bağlı epizod haqqında danışarkən isə, H.Məmmədov bildirib ki, Azər İsmaylov ləyaqətsiz insan olub və onu öldürməkdə peşman deyil. "Mən onu öldürməsəydim, onsuz da o məni öldürmək üçün hədəfə götürmüşdü. Həbs olunmağımızın və bu gün məhkəmə qabağında dayanmağımızın iki əsas səbəbkarı var: bunlardan biri DİN Baş cinayət axtarış idarəsinin keçmiş rəisi Zakir Nəsirov və bayaq qeyd etdiyim kimi, digər bandanın başçısı Hüseyn Abdülvahabovdur".