...

İbrahim Burxanov: "Azərbaycanda məskunlaşan ahıska türkləri azərbaycanlıların yaşadığı Gürcüstan rayonlarına köçməyin marağında deyil"

Cəmiyyət Materials 27 İyul 2006 13:22 (UTC +04:00)

Azərbaycanda məskunlaşan ahıska türkləri heç vaxt azərbaycanlıların yaşadığı Gürcüstan rayonlarına köçməyə razılıq verməyəcək. Bu barədə Trend ə Ahıska türklərinin "Vətən" Cəmiyyətinin sədri İbrahim Burxanov bildirib.

İ.Burxanov vurğulayıb ki, bu məsələ hələ 60-cı illərdə gündəmə gətirilib: "Biz heç vaxt azərbaycanlıların yaşadığı Güurcüstan rayonlarına köç etmək barədə fikirləşməmişik. Ola bilər ki, həmin yerlərə köçdükdən sonra iki qardaşı bir-birinə qarşı çıxara biləcək qüvvələr meydana gəlsin, hansısa təxribatlar olsun. Lakin Borçalıdan olan bəzi təşkilatlar bizə müraciət edirlər ki, oranın boş qalan kəndlərinə köçək".

Cəmiyyətin sədri bildirib ki, bu proses o zaman baş verə bilər ki, Gürcüstanda onlara yer çatmasın: "Bu zaman özümüz müraciət edə bilərik. Bu yalnız son anda ola bilər".

İ.Burxanov onu da qeyd edib ki, Avropa Şurasında Gürcüstandan deportasiya olunan ahıska türklərinin vətənə repartriasiya olunması ilə bağlı "XX yüzilliyin 40-cı illərində Gürcüstandan zorla köçürülən əhalinin geriyə qaytarılması" adlanan qanun layihəsinə dəyişikliklər edilib: "Layihənin bu variantında vətəninə qayıdan ahıska türkünün yaşamaq yerini seçmə hüququna malik olduğu göstərilib. Repartriasiya zamanı dövlət tərəfindən verilən kvota da sənəddən götürülüb. Kvota vətənə qayıdan ahıska türkünə tikiləcək evlə bağlı idi. . Repartriasiya statusu almaq prosesində də dəyişiklik olunub. Bu bir qədər yüngülləşdirilib".

İ.Burxanov bildirib ki, sənədin son variantı Avropa Şurasında baxılacaq və qəbul edilərsə Gürcüstan parlamentində müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, ahıska türkləri Gürcüstandan 1944-cü ildə deportasiya olunub. İ.Burxanovun dediyinə görə həmin ildə 100 mindən çox ahıska türkü vətəndən çıxarılıb. İ. Burxanov onu da deyib ki, 40 min hərbi xidmətdə olan ahıska türkünün 20 mini həlak olub. Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərindən biri də 2010-cu ilədək ərazisindən köçürülən ahıska türklərini geri qaytarmaqdır. İ.Burxanov Azərbaycanda 70 min ahıska türkünün məskunlaşdığını bildirib.

Xəbər lenti

Xəbər lenti