Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının katibliyi, çox ehtimal ki, Bakıda yerləşəcək. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri İsa Əliyev jurnalistlərə verdiyi müsahibəsində bildirib.
Bununla əlaqədar aparılan danışıqlar artıq tamamlanmaq üzrədir və Azərbaycan Konvensiyanın daimi katibliyinin yerinin Azərbaycanın paytaxtı seçilməsi üçün az iş görməyib. Daimi katiblikdə təxminən 50 ekspert işləyəcək. Onlar üçün müvafiq şərait yaradılacaq.
Xatırladaq ki, Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası 2003-cü ildə beş Xəzəryanı dövlət tərəfindən Tehranda imzalanıb. Bu Çərçivə Konvensiyası Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın ilk beştərəfli beynəlxalq sənədi, beləliklə də, digər çoxtərəfli müqavilələrin, o cümlədən Xəzərin bioloji resurslarının saxlanması, hidrometeorologiya və dəniz çirklənməsinin monitorinqi sahəsində əməkdaşlıq haqqında müqavilələrin, Xəzər dənizinin yerüstü mənbələrdən çirklənməsindən mühafizəsi üzrə Protokolun və başqalarının qəbulu üçün baza olub.