...

Rusiyadakı azərbaycanlıların vəziyyəti haqqında məruzə hazırlanacaq

Cəmiyyət Materials 7 Avqust 2006 13:56 (UTC +04:00)

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi miqrasiya problemlərini nəzərə alaraq Rusiyadakı azərbaycanlıların vəziyyəti haqqında məlumat xarakterli məruzə üzərində işləyir. Bu barədə Trend ə Dövlət Komitəsinin təbliğat, informasiya və analitika şöbəsinin rəhbəri Cavanşir Vəliyev bildirib.

Onun sözlərinə görə, Rusiya - azərbaycanlıların ən çox yaşadığı ölkədir və buradakı Azərbaycan diasporu ən çoxsaylıdır. Buna görə azərbaycanlıların bu ölkəyə kütləvi miqrasiyası rəsmi Bakını Rusiyaya böyük diqqət ayırmağa vadar edir.

C.Vəliyev diqqəti ona çəkib ki, yalnız rəsmi məlumatlara əsasən Rusiyada 1,5 mln. azərbaycanlı yaşayır. Bunların 630 mini qanuni, qalarları isə qanunsuz əsasda orada fəaliyyət göstərir. "Biz istəyirik Rusiyaya gedən azərbaycanlılar təkcə pul qazanmaqla məşğul olub passiv mövqe tutmasınlar, həm də ictimai rəyə və hakimiyyətə təsir etmək iqtidarında olsunlar" - deyə C.Vəliyev vurğulayıb.

"Biz diaspor təşkilatlarını bütün dünya ölkələrində möhkəmləndirməyə çalışırıq. Ziyallılar - ictimai şüura və hakimiyyət qurumlarına səmərəli təsir imkanına malik gücdür. Buna görə ziyallıların diaspor təşkilatlarında rəhbər vəzifələrə cəlb olunması prioritet məsələlərdən birdir. Məhz bu məqsədlə biz bütün dünyada Azərbaycan ziyallılarının, mədəniyyət və incəsənət xadimlərinin forumunu keçiririk. Azərbaycanın zəngin tarixi-mədəni və elmi irsi xalqımızın vizit kartıdır və bütün dünya bunu bilməlidir" - deyə C.Vəliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti