...

Məhkəmə DİN-in İdarə rəisinin Zərdüşt Əlizadəyə qarşı ikinci iddiasını təmin etmədi

Cəmiyyət Materials 15 Avqust 2006 13:54 (UTC +04:00)

Bu gün avqustun 15-də Səbayel rayon məhkəməsi Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanovun Zərdüş Əlizadənin barəsində verdiyi xüsusi ittiham qaydasında şikayətinə baxıb. Bu barədə Trend ə Z.Əlizadənin vəkili Rəşid Hacılı məlumat verib.

Həzi Aslanov "Narkodilerlərin əksəriyyəti elə Daxili İşlər Nazirliyinin narkobiznesə qarşı mübarizə idarəsinin işçiləridir"- deyən Zərdüşt Əlizadənin cinayət məsuliyyətinə cəlb edilməsini və Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən cəzalandırılmasını tələb edirdi. Hakim Alim Namazov Həzi Aslanovun tələbini əsassız sayaraq onun xüsusi ittiham şikayətini icraata götürməkdən imtina etdi.

Zərdüşt Əlizadənin hüquqlarını müdafiə edən Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı məhkəmənin bugünkü qərarını ədalətli sayır. Lakin Alim Namazovun 9 avqustda çıxardığı qətnamənin ifadə azadlığına zərər vuran qanunsuz qərar olduğunu deyən R.Hacılı onun ləğvi uğrunda sonadək çalışacaqlarını bildirib.

Qeyd edək ki, Həzi Aslanov DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin və idarənin işçilərinin şərəfini, işgüzar nüfuzunu alçaldaraq onlara ağır mənəvi zərər vurduğunu, mənəvi sarsıntılar keçırmələrinə səbəb olduğunu əsas gətirərək Z.Əlizadəyə və "Azadlıq" qəzetinə qarşı iddia qaldırmışdı. Hakim Alim Namazov bu iddianı təmin etmiş, Zərdüşt Əlizadənin iddiaçıya 5 min yeni manat ödəməsinə dair qərar çıxarmışdı. Bu qətnaməyə əsasən, daha 5 min manatı Həzi Aslanova bu sözləri dərc etmiş "Azadlıq" qəzeti ödəməlidir.

Xəbər lenti

Xəbər lenti