Sentyabrın 1-də Macarıstanın Budapeşt şəhər Məhkəməsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun işi üzrə keçirilən məhkəmə iclasında beş şahid dinrdirilib. Bu barədə Trend ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.
Qeyd edək ki, məhkəmə iclasına hakim Tot Byendver sədrlik edib. R.Səfərovun hüquqlarını isə dövlət hesabına tutulmuş vəkil Klara Fişer müdafiə edib.
Xatırladaq ki, erməni zabiti Qurgen Markaryanın öldürülməsi faktı ilə əlaqədar R.Səfərov istintaq altında saxlanıldığı vaxt həbsxananın işçilərinə müqavimət göstərməkdə təqsirli bilinir. İttihama görə, 19 iyun 2004-cü il tarixdə həbsxana nəzarətçiləri Ramil Səfərovun kamerasına gələrək ondan telefon kartını tələb ediblər. Ramil Səfərov tələbi yerinə yetirməyib və nəticədə nəzarətçilər R.Səfərovun əllərini bağlamaq istəyərkən sonuncu onlara müqavimət göstərib.
Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, məhkəmə iclasında həbsxananın 3 nəzarətçisi, 1 həkimi və 1 macar məhbusu dindirilib. Hadisədə iştirak edən 2 nəzarətçi və növbətçi həkim öz versiyalarını irəli sürüblər. 3-cü nəzarətçi isə hadisədə iştirak etməsə də, R.Səfərovla bağlı heç bir problemin olmadığını bildirib. İş üzrə macar məhbusu da ifadə verib. O, R.Səfərovun hadisə ilə bağlı məhkəməyə verdiyi ifadəsini təsdiqləyib. Qeyd edib ki, hadisə Ramil Səfərovun macar dilini bilməməsi üzündən baş verib. Növbəti iclas sentyabrın 5-də keçiriləcək.