"Sadval" ləzgi milli hərəkatının üzvü, 1969-cu il təvəllüdlü Azayev Azad Şaxismayıl oğlu Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsinin hökmü ilə 13 il müddətinə məhkum edilib. Bu barədə Trend ə Respublika Baş Prokurorluğundan məlumat verilib.
2005-ci ildə Rusiya Federasiyasının Tümen vilayətində həbs edilmiş "sadval"çı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə (köhnə redaksiyada - banditizm) 1995-ci ildən beynəlxalq axtarışda olub.
Azayev Azad Şaxismayıl oğlunun yeri çoxdan müəyyən edilsə də, Azərbaycan Respublikasının Baş Prokurorluğu onun ölkəmizə verilməsi ilə bağlı dəfələrlə Rusiya Federasiyasının müvafiq orqanına müraciət edib, lakin müsbət cavabı yalnız 2005-ci ildə alıb. "Sadval"çı Azərbaycana ekstradisiya olunduqdan sonra istintaqa cəlb edilib və məhkəmə qarşısına çıxarılıb.
A.Azayevə qarşı irəli sürülmüş ittihamlar məhkəmədə sübuta yetirildikdən sonra isə o, müvafiq şəkildə cəzalandırılıb.